
Xronobioloji baxımdan yuxu ehtimalının daha çox olduğu saatları “yuxu qapıları”, yuxu ehtimalının daha az olduğu saatları isə “yuxu divarları” adlandırırlar.
Yuxu fazaları
Əslində, yuxunu monoton bir hadisə saymaq olmaz və yuxu ayrı-ayrılıqda müxtəlif fazalardan ibarətdir. Yuxunun 1-ci və 2-ci fazaları əsasən dərin yuxuya keçid rolunu oynayır və bu fazalarda oyanmaq da asan olur. 3-cü və 4-cü fazalar isə dərin yuxu kimi xarakterizə olunur. Yuxunun ən mühüm fazalarından biri olan 5-ci faza REM adlanır. Yuxugörmə hadisəsi əsasən bu fazada baş verir. Bu faza bəzi informasiyaların yerbəyer edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Bu fazada göz qapaqları hərəkətdə olur. Əgər insan yatarkən bu fazaya qədər gəlib çata bilmirsə, bu onda tədricən yaddaş pozğunluğuna və zəifliyinə gətirib çıxarır.
Yuxu müddəti
Hər bir insanın ehtiyac duyduğu yuxu müddəti də müxtəlif olur. Yuxu müddətinə görə insanlar üç qrupa ayrılırlar. Birinci qrupa az yatanlar daxildirlər ki, onlar gündə 6 saat yuxuya ehtiyac duyurlar. İkinci qrup isə orta qrupdur. Bu qrupa daxil olanlar gündə orta hesabla 7-8 saat yuxuya ehtiyac hiss edirlər. Üçüncü qrup isə çox yatanlar qrupudur ki, bu qrupa daxil olanlar gündə ən azı 9 saat yatmalıdırlar. Bundan başqa, mütəxəssislər yuxu müddətinin daha çox genetik amillərlə bağlı olduğunu bildirirlər. Məsələn, gündə 9 saat yuxuya ehtiyac duyanlar təbii ki, 6 saatla kifayətlənə bilmirlər. Bu da tədricən onlarda ciddi patoloji problemlərə gətirib çıxarır. Bundan başqa, günün 24 saatı ərzində yuxu ehtimalı böyük olan saatlar da dəyişir. Bu mənada yuxu ehtimalının çox olduğu saatlar “yuxu qapıları”, yuxu ehtimalının az olduğu saatlar isə “yuxu divarları” adlandırılır.
“Yuxu qapıları”
Xronobioloji baxımdan “yuxu qapıları”nı belə sıralamaq olar:
- Yuxu ehtimalının ən böyük olduğu vaxt gecə saat 02.00-dan 06.00-a qədərdir. Bu vaxt istər sağlamlıq, istərsə də yol-nəqliyyat qəzaları baxımından çox böyük əhəmiyyət kəsb edir. Çünki yollar boş olduğu halda qəzaların əksər hissəsi bu saatlarda baş verir.
- Saat 13.00-dan 15.00-a qədər. Bu da ən mühüm “yuxu qapıları”ndan biridir. Bu saatlar üçün ağırlıq halları xarakterikdir. Bu saatlarda yatmaq sağlamlıq üçün də faydalıdır. Lakin gecə rahat yata bilmək üçün 30 dəqiqədən çox yatmaq olmaz.
“Yuxu divarları”
Yuxu ehtimalının az olduğu saatlar isə “yuxu divarları”dır. Bu divarlar aşağıdakı kimi xarakterizə olunur:
- Ən mühüm “yuxu divarı” saat 09.00-dan 11.00-a qədərdir. Normal şəraitdə (hətta yatmaq istədikdə belə) bu müddətdə yuxuya getmək çox çətindir.
- Digər “yuxu divarı2 isə günortadan sonra 17.00-dan 19.00-a qədərdir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz