İnsanlar həftəsonu niyə daha xoşbəxt olurlar?


Araşdırmalar göstərir ki, insanlar həftəsonları iş günləri ilə müqayisədə özlərini daha enerjili, azad və xoşbəxt hiss edirlər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Journal of Social and Clinical Psychology” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırma çərçivəsində həftədə ən az 30 saat işləyən, 18–62 yaş arası 74 yetkinin gündəlik əhval dəyişikliyi üç həftə ərzində izlənilib. İştirakçılar gün ərzində təsadüfi vaxtlarda sorğulara cavab verərək həm emosional vəziyyətlərini, həm də fiziki narahatlıqlarını qiymətləndiriblər.
Nəticələr göstərib ki, qadınlar və kişilər aralarında heç bir fərq olmadan həftəsonu özlərini daha xoşbəxt və rahat hiss ediblər. Maraqlıdır ki, bu göstərici gəlir səviyyəsi, iş saatı, təhsil və sosial statusdan asılı olmayıb.
Tədqiqatçılar bu fərqin əsas səbəbini seçim azadlığı və sosial əlaqələrə daha çox vaxt ayrılması ilə izah edirlər. Həftəsonları insanlar iş rejiminin yaratdığı təzyiqdən uzaqlaşaraq ailə və dostları ilə daha çox vaxt keçirir, istədikləri fəaliyyətlərlə məşğul olurlar.
Psixologiya professoru Riçard Rayan bildirir ki, hətta yüksək statuslu və maraqlı işlərdə çalışan şəxslər belə həftəsonları özlərini daha yaxşı hiss edirlər. Onun sözlərinə görə, boş vaxt insan rifahının əsas faktorlarından biridir.
Tədqiqat müəllifləri nəticəni belə yekunlaşdırırlar ki, gündəlik həyat nə qədər azad seçim, sosial yaxınlıq və psixoloji rahatlıq yaradırsa, insan rifahı da bir o qədər sabit və yüksək olur.

DİGƏR XƏBƏRLƏR

Top