Kişilər yeməyə daha çox duz vurur?


Araşdırmalara görə, kişilər qadınlarla müqayisədə yeməklərə əlavə duz vurmağa daha çox meyillidirlər.

Yeniavaz.com xəbər verir ki, bu nəticə “Frontiers in Public Health” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Tədqiqat çərçivəsində Braziliyada yaşı 60 və yuxarı olan 8300-dən çox şəxsin məlumatları təhlil edilib. İştirakçılar son 24 saat ərzində qəbul etdikləri qidalar və yemək zamanı əlavə duzdan istifadə edib-etmədikləri barədə məlumat veriblər.
Nəticələr göstərib ki, kişilərin 12,7 faizi yeməklərinə əlavə duz vurduğunu bildirib. Qadınlarda bu göstərici 9,4 faiz olub.
Araşdırmaya əsasən, tək yaşayan kişilərin yeməklərinə əlavə duz vurma ehtimalı digərlərinə nisbətən 62 faiz daha yüksəkdir. Yüksək təzyiqə qarşı xüsusi pəhriz saxlayan kişilərdə bu vərdiş daha az müşahidə olunub.
Qadınlarda isə əlavə duz istifadəsinin həyat tərzi və qidalanma vərdişləri ilə daha sıx əlaqəli olduğu müəyyən edilib. Şəhərdə yaşayan və tez-tez ultraemal olunmuş qidalar qəbul edən qadınların yeməyə əlavə duz vurma ehtimalı daha yüksək olub. Bunun əksinə olaraq, müntəzəm meyvə və tərəvəz istehlak edən qadınların əlavə duzdan istifadəyə daha az meyilli olduqları bildirilib.
Tədqiqatçılar qeyd ediblər ki, həddindən artıq duz qəbulu yüksək qan təzyiqi, ürək və böyrək xəstəlikləri, eləcə də idrak funksiyalarının zəifləməsi riskini artıra bilər. Mütəxəssislər duz istehlakının azaldılması üçün təbii ədviyyatlardan və sitrus meyvələrindən istifadənin faydalı ola biləcəyini vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

Top