
Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində partiya və blokların təşviqat aparmasının qadağan olunduğu sükut günü başlayıb.
Yeniavaz.com xəbər verir ki, qadağa Ermənistan vaxtı ilə gecə yarısında (Bakı vaxtı ilə saat 24:00) qüvvəyə minib.
Ermənistan qanunlarına görə, bu gün seçki subyektlərinin liderləri və nümayəndələrinə tərəfdarları ilə görüşlər keçirmək, mediada və sosial mediada təşviqat materialları dərc etmək və ya televiziya və radioda çıxış etmək qadağan olunacaq. Lakin şəhər küçələrində artıq asılmış bannerlər və plakatlar qala bilər; onların məcburi şəkildə yığışdırılması qanunla tələb olunmur.
Sükut günündə seçki məntəqələrində seçkilərdən əvvəl son hazırlıq işləri aparılacaq. Məntəqə seçki komissiyalarının üzvləri seçki qutularını və lazımi avadanlıqları quraşdıracaqlar. Ənənəvi olaraq, seçki məntəqələrinin xeyli hissəsi təhsil müəssisələrində yerləşir.
Seçkilərdə iki blok və 16 partiya olmaqla ümumilikdə 18 siyasi qüvvə iştirak edir.
Parlamentə düşmək üçün partiyalar 4%-lik həddi, iki siyasi qüvvədən ibarət bloklar 8%-lik həddi, ikidən çox siyasi qüvvədən ibarət bloklar isə 10%-lik həddi keçməlidirlər. Seçkilərdə iştirak həddi yoxdur - seçkilər seçicilərin iştirakından asılı olmayaraq keçərli hesab olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz