
Macarıstan hökuməti iyunun 6-dan etibarən Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandıracaq.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, qərarın ölkəyə xarici işçi qüvvəsinin axınının tənzimlənməsi istiqamətində ilk addım olduğu bildirilib.
Hökumətin açıqlamasına görə, yeni qərar xarici işçilərin əmək bazarına təsirinin yenidən qiymətləndirilməsi və yerli işçilərin əmək haqlarına mümkün təzyiqlərlə bağlı narahatlıqlar fonunda qəbul olunub.
Baş nazir Peter Madyar hökuməti xarici işçilərin işə qəbul qaydalarının daha sərt şəkildə tənzimlənəcəyini bəyan edib. Hökumətin sözçüsü Vanda Sond bildirib ki, işə qəbul agentliklərinə Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarını sadələşdirilmiş prosedurla ölkəyə gətirməyə imkan verən fərman cümə günündən etibarən dəyişdiriləcək.
Bununla belə, hazırda Macarıstanda çalışan xarici işçilər viza müddətinin uzadılması üçün müraciət edə biləcəklər. Eyni zamanda, artıq təqdim olunmuş müraciətlərə baxılması davam etdiriləcək.
Rəsmi statistikaya əsasən, xarici işçilər Macarıstanın ümumi işçi qüvvəsinin təxminən 2 faizini təşkil edir. Lakin onların xidmət və istehsal sektorlarındakı payının daha yüksək olduğu və bir sıra şirkətlərin bu işçi qüvvəsindən əhəmiyyətli dərəcədə asılı olduğu qeyd edilir.
Hökumət vurğulayır ki, bu dəyişiklik islahatların yalnız birinci mərhələsidir və gələcəkdə xarici işçi qüvvəsinin uzunmüddətli tənzimlənməsi üçün əlavə tədbirlər həyata keçiriləcək.
Bununla yanaşı, Macarıstanda fəaliyyət göstərən bir neçə iri xarici investor hesab edir ki, Avropa İttifaqına daxil olmayan ölkələrdən işçi axınının tam dayandırılması həm şirkətlərin fəaliyyəti, həm də ölkə iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər.
Tətbiqimizi yükləyə bilərsiniz