
ABŞ-nin dövlət borcu 2027-ci ildə 41,1 trilyon dollarlıq limitə çatacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Vaşinqtonda yerləşən İkipartiyalı Siyasət Mərkəzinin dərc etdiyi hesabatda öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, ABŞ-nin borc limitinin həddi 2025-ci ilin iyul ayında 5 trilyon dollar artırılaraq, 36,1 trilyon dollardan 41,1 trilyon dollara çatdırılıb.
O vaxtdan bəri bu məhdudiyyətlərə məruz qalan borcun məbləği 2,9 trilyon dollar artıb.
Mərkəzin hesablamalarına görə, konqres tədbir görməsə, ABŞ, ehtimal ki, 2027-ci ilin yayın ortaları ilə qışın sonu arasında yenidən borc limitinə çatacaq.
Hesabata görə, daha sonra Vaşinqton administrasiyası defoltdan qaçmaq üçün təxminən altı-doqquz ay ərzində fövqəladə maliyyə tədbirləri görə biləcək. Bundan sonra ABŞ artıq maliyyə öhdəliklərini tam və vaxtında yerinə yetirə bilməyəcək. Bunun qarşısını almaq üçün Konqres və Vaşinqton administrasiyası, ehtimal ki, borc limitini daha da artırmağı nəzərdən keçirməli olacaqlar.
Mərkəzin ekspertləri qeyd edirlər ki, borc limitinin vaxtını müəyyən edən əsas amillərdən biri İrana qarşı hərbi əməliyyatın nəticəsində yaranan xərclərdir. Pentaqonun son hesablamalarına görə, bu xərc artıq 29 milyard dollara çatıb. Bundan əlavə, Vaşinqton tərəfindən tətbiq edilən tariflərdən potensial gəlir, eləcə də ABŞ hökumətinin onları kompensasiya etmək üçün çəkəcəyi potensial xərclər də buna təsir edəcək.
Qeyd edək ki, ABŞ-nin milli borcu hazırda təxminən 39,2 trilyon dollardır. Borc mart ayında tarixdə ilk dəfə olaraq 39 trilyon dollar həddini keçib.
Tətbiqimizi yükləyə bilərsiniz