Azərbaycanlıların olduğu gəmiyə hücum edilib, 5 nəfər ölüb – Rəsmi


“Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Qeyd etmək istərdik ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərin vurulması ilə bağlı yerli medianın sualına cavablandırarkən deyib.
O bildirib ki, hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub:
“Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.
Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq”, - A. Hacızadə bildirib.
Qeyd edək ki, 5 iyun tarixində gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Daha əvvəl gəmilərin heyətində olan Azərbaycan vətəndaşlarının həlak olması barədə xəbərlər yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top