Azərbaycanda yeni iş yerləri ən çox hansı sahələrdə açılıb?


Xəbər verdiyimiz kimi, bu ilin ilk rübündə Azərbaycanda 23 min 506 yeni iş yeri açılıb.
Yeniavaz.com
xəbər verir ki, yeni iş yerlərinin ən böyük hissəsi tikinti, ticarət və peşə-elmi fəaliyyət sahələrinin payına düşüb.
Bu ilin yanvar-mart aylarında yaradılan yeni iş yerlərinin 5 min 611-i tikinti sektorunda qeydə alınıb. Bu sahə ümumi yeni iş yerlərinin 23,9%-ini təşkil edib.
Yeni iş yerlərinin sayına görə ikinci yerdə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru qərarlaşıb. İlk rübdə bu sahədə 4 min 429 yeni iş yeri açılıb ki, bu da ümumi göstəricinin 18,9%-inə bərabərdir.
Peşə, elmi və texniki fəaliyyət istiqamətində isə 2 min 570 yeni iş yeri yaradılıb. Bu sahənin ümumi yeni iş yerlərində payı 10,9%-ə yüksələrək əvvəlki illə müqayisədə artım nümayiş etdirib.
Sənaye sahələrində yeni məşğulluq göstəriciləri daha aşağı olub. Belə ki, emal sənayesində 2 min 311, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 899, mədənçıxarma sənayesində isə 147 yeni iş yeri açılıb.
İnzibati və yardımçı xidmətlərdə 1 339, nəqliyyat və anbar təsərrüfatında 1 005, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 1 002 yeni iş yeri yaradılıb.
Bununla yanaşı, bəzi sahələrdə yeni iş yerlərinin ümumi payı azalıb. Məsələn, təhsil sektorunun payı 4,9%-dən 3,3%-ə, turizm və ictimai iaşənin payı 7,2%-dən 4,3%-ə, istirahət, əyləncə və incəsənət sahəsinin payı isə 1,5%-dən 0,5%-ə enib.
Açıqlanan rəsmi əlumatlara görə, tikinti sektoru 2025-ci ildə də lider olub. Həmin il hüquqi şəxslərdə açılan 101 min 803 yeni iş yerinin 25 min 641-i məhz bu sahənin payına düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top