
Zeynəb Cavadlı Dubay Əmirinin qardaşı oğlu olan keçmiş həyat yoldaşı Şeyx Səid bin Maktum bin Rəşid Əl Maktumun şikayəti əsasında saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC Dubay Prokurorluğuna istinadla məlumat yayıb.
Prokurorluq bildirib ki, Cavadlı üç azyaşlı qızı uğrunda qəyyumluq mübarizəsinin dərinləşməsi fonunda həbs edilib.
Belə ki, Cavadlının ailəsi və yaxınları çərşənbə axşamı gecəsindən bəri onunla əlaqə saxlaya bilməyiblər. Təxminən iki gün ərzində Cavadlının və ya uşaqlarının hara getdiyi barədə heç bir məlumat alınmayıb.
Prokurorluğun məlumatına görə, keçmiş əri onun uşaqları məhkəmə tərəfindən icazə verilən görüş zamanı qaçırdığını iddia edib.
Prokurorluqdan məsələ ilə bağlı istintaq aparıldığı və hüquqi prosedurların davam etdiyi bildirilib.
Qeyd edək ki, keçən il də Şeyx Səid bin Maktum bin Rəşid Əl Maktum polisə şikayət ərizəsi ilə müraciət edərək, Zeynəb Cavadlını qızlarını qaçırmaqda ittiham edib. Bu, uşaqların valideynləri arasında bir neçə dəfə əl dəyişdirməsindən və hər dəfə birinin digərini adam oğurluğunda ittiham etməsindən sonra baş verib.
Xatırladaq ki, ötən gün keçmiş gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ Dubaydakı konsulluğumuz tərəfindən nəzarətə götürülüb. Diplomatik nümayəndəliyin Zeynəb Cavadlı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən məlumatlı olduğu bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz