Bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxslər saxlanıldı


Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxsləri müəyyən edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyə daxil olan müraciətlərdə vətəndaşlar sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilmiş saxta səhifələr vasitəsilə aldadıldıqlarını, nəticədə bank kartlarındakı vəsaitlərinin oğurlandığını bildiriblər.
Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən daha iki nəfər 20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələrdə müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta profillər yaradaraq, vətəndaşlara “aşağı faizli”, “sürətli” və “zaminsiz kredit” təklif ediblər.
Zərərçəkənlər C.Bayramzadə və E.Mailovun onlara göndərdikləri saxta linklərə öz kart nömrələrini, CVV və OTP kodlarını daxil etdikdən sonra isə bu informasiyalar birbaşa həmin şəxslərin nəzarətinə keçib. Nəticədə onlar hesablara qanunsuz giriş əldə edərək vəsaitləri müxtəlif kartlara köçürüb və sonradan nağdlaşdırıblar.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Mailov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, C.Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top