
Tehran Hörmüz boğazından keçid üçün deyil, yalnız boğazdakı gəmilərə göstərdiyi xidmət üçün ödəniş almağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
“İran keçid haqqı, tranzit haqqı və ya tranzit rüsumları almaq niyyətində deyil. Əksinə, məqsədimiz bu sahədə Omanla birgə göstərdiyimiz xidmətlərə görə ödəniş almaqdır. Bu xidmətlərə naviqasiya dəstəyi, axtarış-xilasetmə əməliyyatları, naviqasiya təhlükəsizliyi və mühafizə xidmətləri, eləcə də ətraf mühitə ziyan dəydikdə çirklənmənin təmizlənməsi kimi ətraf mühit xidmətləri daxildir”, - XİN rəsmisi qeyd edib.
Qəribabadi həmçinin qeyd edib ki, bu cür tədbirlər beynəlxalq dəniz hüququna zidd deyil.
O, həmçinin İran və ABŞ arasında sazişin son versiyası ilə bağlı işlərin davam etdiyini və onun tamamlanma müddətinin məlum olmadığını biıdirib.
“Sazişin mətni yalnız nəticədən razı qaldığımız zaman qəti hesab edilə bilər. Vaxt məsələsinə gəldikdə isə, konkret tarixlər deyə bilmərəm. Mətni maraqlarımıza uyğunlaşdırmaq üçün yenidən nəzərdən keçirmək niyyətindəyik”, - deyə Qəribabadi qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz