Türk lirəsinə bağlı stabilkoinlərə maraq artır – Dollardan sonra ikincidir


“Standard Chartered” bankının törəmə kriptovalyuta şirkəti “Zodia Markets” bildirib ki, ABŞ dollarından sonra stabilkoinlər arasında ən populyar valyuta türk lirəsidir.
Yeniavaz.com
xəbər verir ki, şirkətin məlumatına görə, türk lirəsinə bağlı stabilkoinlər platformada ən çox istifadə edilən ikinci rəqəmsal aktivə çevrilib.
Bu aktivlərin ümumi həcmi dollar əsaslı tokenlərdən geri qalsa da, avro və digər aparıcı valyutalara bağlı rəqəmsal aktivləri üstələyir.
“Zodia Markets”dən bildirib ki, son bir ildə türk lirəsinə bağlı rəqəmsal aktivlərə tələb kəskin artıb.
Qeyd olunub ki, istifadəçilər daha sürətli əməliyyatlar və aşağı komissiya səbəbilə bu vasitələri ənənəvi bank köçürmələrinə alternativ kimi seçirlər.
Ekspertlər hesab edir ki, burada əsas məsələ lirəyə etimad deyil, maliyyə əməliyyatlarının sürəti və rahatlığıdır. Yəni insanlar və şirkətlər lirəni saxlamaq üçün deyil, daha sürətli hərəkət etdirmək üçün onun rəqəmsal versiyasından istifadə edə bilər.
Bildirilir ki, bank vasitəsilə edilən beynəlxalq köçürmələr bir neçə gün çəkə, əlavə komissiyalar və məzənnə riskləri yarada bilər. Türk lirəsinə bağlı stabilkoinlər isə eyni məbləğin daha qısa vaxt ərzində və daha aşağı xərc ilə göndərilməsinə imkan verir. Bu da xüsusilə bizneslər, ixracatçılar və sərhədlərarası ödəniş edən istifadəçilər üçün cəlbedici görünür.
“Standard Chartered”in kripto analitiki Geoff Kendrik hesab edir ki, maliyyə infrastrukturu zəif və iqtisadi qeyri-müəyyənlik yüksək olan ölkələrdə stabilkoinlərə tələbat gələcəkdə daha da artacaq.
Hazırda stabilkoin bazarında əsas mövqeləri “Tether” və “Circle” şirkətləri tutur. Onların dövriyyədə olan ümumi aktivlərinin həcmi 264 milyard dolları ötüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top