Azərbaycanda ən çox hansı süni intellekt çatbotlarından istifadə edilir?


Azərbaycanda süni intellekt əsaslı çatbotlardan istifadə dinamikası dəyişməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Statcounter” analitika agentliyinin açıqladığı son statistikaya əsasən, “ChatGPT” bazarda lider mövqeyi qorusa da, üstünlüyü əvvəlki dövrlərlə müqayisədə zəifləyib.
Xüsusilə “Google Gemini” və “Claude”un yüksəlişi rəqabəti daha da gücləndirib.
Bildirilir ki, 2026-cı ilin may ayı üzrə Azərbaycanda bütün platformalarda – kompüter, mobil cihaz və planşetlərdə süni intellekt əsaslı çatbot bazarının 79,5%-i “ChatGPT”nin payına düşüb. Bu göstərici bir il əvvəllə müqayisədə təxminən 15 faiz bəndi aşağıdır. Statistikaya görə, platforma aylıq müqayisədə artım göstərsə də, illik perspektivdə bazar payı zəifləməkdə davam edir.
May ayının statistikasına görə, ikinci yerdə qərarlaşan “Google Gemini”nin Azərbaycandakı bazar payı 13,46% təşkil edib. Bu göstərici aylıq müqayisədə müəyyən azalma nümayiş etdirsə də, illik perspektivdə əhəmiyyətli yüksəliş sayılır. Ekspertlər bunu “Google” ekosisteminə Android cihazları, axtarış sistemi və digər xidmətlərə inteqrasiyanın təsiri ilə izah edir.
Qlobal trendlər də oxşar mənzərə yaradır. “Statcounter” məlumatları göstərir ki, “Gemini” bir çox ölkədə istifadə payını artıraraq “ChatGPT” ilə fərqi azaltmağa başlayıb.
Azərbaycanda üçüncü yerdə “Claude” qərarlaşıb. Platformanın may ayında bazar payı 2,83 faiz olub. Dördüncü pillədə isə 2,12 faiz göstərici ilə “Microsoft Copilot” yer alıb. Hər iki platforma nisbətən kiçik paya malik olsa da, müəyyən auditoriya formalaşdırmağa başlayıb.
Bəzi aylarda “Perplexity” də bazarda görünən iştirakçılar arasında yer alıb. Məsələn, əvvəlki dövrlərdə onun payı 1-3% aralığında dəyişib.
“Statcounter”in məlumatları göstərir ki, platformaların populyarlığı cihaz növündən asılı olaraq dəyişir. Mobil istifadəçilər arasında “Google Gemini” daha sürətli artım nümayiş etdirib, masaüstü seqmentdə isə “ChatGPT” hələ də daha dominant mövqedə qalır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top