
Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qardaşı oğlunun keçmiş həyat yoldaşı Zeynəb Cavadlının üç qızı ilə birlikdə Dubay polisi tərəfindən qaçırıldığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, onun britaniyalı vəkili Devid Heyq nə Cavadlıdan, nə də uşaqlarından heç bir xəbər olmadığını bildirib. Heyq sonuncu dəfə Cavadlı ilə bir gün əvvəl danışdığını, bundan sonra bütün əlaqənin kəsildiyini deyib.
Britaniyalı vəkil iddia edib ki, Dubay polisi gecə Cavadlının evinə basqın edib, onu və üç qızını aparıb.
Heyq həmçinin Cavadlının anasının qızına kömək etmək üçün Dubaya getdiyini bildirib. Lakin qızının evi bağlı olub və onun ölkədən çıxmasına icazə verilməyib.
Nəşrin məlumatına görə, hadisənin mərkəzində uzun müddətdir davam edən qəyyumluq mübahisəsi dayanır.
Belə ki, iki ay əvvəl Dubay məhkəməsi Cavadlıdan üç qızını ataları Şeyx Səidə təhvil verməyi tələb edib və tələbin lazım gələrsə, zorla icra edilə biləcəyini qeyd edib.
Nəşrin qeyd etdiyinə görə, keçmiş milli gimnast aprel ayında videomüraciət yayaraq, göz yaşları içində kömək istəyib. O, videomüraciətdə uşaqlarının qəyyumluğunu qorumaq üçün mübarizə apardığını, ancaq Dubay polisinin uşaqlarını aparacağından qorxduğunu bildirib.
O, həmçinin, məhkəmə qərarlarına əsasən evinə basqın ediləcəyi və uşaqlarının zorla götürüləcəyi barədə bildirişlər aldığını əlavə edib.
Digər tərəfdən, Cavadlının vəkili Birləşmiş Millətlər Təşkilatı nəzdində hüquqi prosedurlara başladığını və beynəlxalq təşkilatları məsələyə təcili müdaxilə etməyə çağırdığını bidirib.
Nə Dubay polisi, nə də keçmiş əri Şeyx Səid hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz