İlon Maskın “SpaceX” şirkəti tarixin ən böyük səhm satışına hazırlaşır – “Reuters”


İlon Maskın “SpaceX” şirkəti yaxın günlərdə tarixdə ən böyük ilkin kütləvi təkliflərdən (IPO) birini həyata keçirməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” agentliyinin məsələ ilə tanış olan mənbəyə istinadən yaydığı məlumata görə, şirkət IPO zamanı bir səhmin qiymətini 135 dollar olaraq müəyyən etməyi planlaşdırır.
Məlumata əsasən, “SpaceX” IPO çərçivəsində ümumilikdə 555,6 milyon səhm satmağı hədəfləyir. Bu halda şirkət təxminən 75 milyard dollar vəsait cəlb edə bilər. Baş tutarsa, bu göstərici fond birjası tarixində ən böyük IPO olacaq.
Mənbələrin bildirdiyinə görə, şirkət açıq bazara çıxarkən təxminən 1,75 trilyon dollar dəyərində qiymətləndirmə əldə etməyi planlaşdırır. Bu, indiyədək ən böyük IPO rekordlarından birinə sahib olan “Saudi Aramco”nun nəticələrini geridə qoya bilər. “Saudi Aramco” 2019-cu ildə birjaya çıxışı zamanı 25,6 milyard dollar cəlb edib və şirkətin dəyəri 1,7 trilyon dollar qiymətləndirilib.
“Reuters”in məlumatına görə, “SpaceX”in investorlarla təqdimat görüşləri cümə axşamı başlayacaq. Şirkət daha əvvəl də ilkin görüşlər keçirib. Lakin mənbələr bildirir ki, investorlarla müzakirələr zamanı IPO-nun həcmi və digər planlarda dəyişiklik ola bilər.
Bundan əlavə, bu il bir neçə iri texnologiya şirkəti də IPO-ya hazırlaşır. Onların arasında “OpenAI” və “Anthropic” də var. İddialara görə, Sam Altmanın rəhbərlik etdiyi “OpenAI” IPO zamanı 60 milyard dollar vəsait toplamağı planlaşdırır.
Ekspertlərin ilkin hesablamalarına görə, “SpaceX”, “OpenAI” və “Anthropic” şirkətlərinin birjaya çıxışı açıq bazarlara ümumilikdə təxminən 4 trilyon dollarlıq yeni bazar dəyəri əlavə edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top