“Bitcoin” 8 apreldən sonra ilk dəfə 70 min dollardan aşağı düşüb


“Bitcoin”in qiyməti 8 apreldən bəri ilk dəfə 70 min dollar həddindən aşağı enib.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, kriptovalyutanın dəyərində müşahidə olunan kəskin azalma dünyada ən çox “Bitcoin”a sahibi olan “Strategy” şirkətinin üç illik fasilədən sonra ehtiyatlarının bir hissəsini satdığını açıqlamasından sonra sürətlənib.
Bu açıqlamadan sonra “Bitcoin” qısa müddət ərzində 69 690 dollara qədər geriləyib. Bu, əvvəlki günlə müqayisədə 3,8%-dən çox azalma deməkdir. Daha sonra müəyyən qədər bərpa qeydə alınsa da, kriptovalyuta ötən həftə ilə müqayisədə hələ də 8,4%-dən çox dəyər itirib.
Açıqlamaya görə, satılan “Bitcoin”lərin orta qiyməti təxminən 77 135 dollar olub. Məlumatın ictimaiyyətə açıqlanmasından sonra şirkətin səhmləri 5,85% ucuzlaşıb.
Qeyd edək ki, bu, “Strategy” şirkətinin “Bitcoin” ehtiyatlarının bir hissəsini satdığı ikinci haldır. Şirkət sonuncu dəfə belə əməliyyatı 2022-ci ilin dekabrında həyata keçirib.
Satışa baxmayaraq, “Strategy” hələ də dünyanın ən böyük institusional “Bitcoin” sahibi olaraq qalır. Şirkətin balansında orta hesabla 75 699 dollara alınmış 843 706 “Bitcoin” saxlanılır.
“Forbes”in real vaxt milyarderlər siyahısına əsasən, şirkətin təsisçisi və baş icraçı direktoru Maykl Seylorun sərvəti təxminən 4,2 milyard dollar qiymətləndirilir. O, dünyanın ən varlı şəxsləri arasında 1008-ci sırada qərarlaşıb. “Strategy” səhmlərinin ucuzlaşması nəticəsində Seylorun sərvəti bir gün ərzində təxminən 268 milyon dollar azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top