
“Mənə “istəyirsən, öz ərizənlə Qiyaslı kəndinə qayıtmaqdan imtina et, biz heç kimi məcburi Qarabağa aparmırıq” deyildi”.
Yeniavaz.com xəbər verir ki, bunu Ağdam rayonunun Qiyaslı kəndindən olan məcburi köçkün Abbasov Xaqani Bayraməli oğlu deyib.
O, ağır yaşayış şəraitində yaşadığını və aidiyyəti qurumlar tərəfindən müraciətlərinə lazımi reaksiya verilmədiyini bildirib:
“Hazırda ailəmlə birlikdə Yevlax şəhərində çox ağır, qazsız, susuz və yararsız bir inzibati binada məskunlaşmışam. 1-ci qrup əliləm. Ağır böyrək çatışmazlığı səbəbindən böyrək transplantasiyası əməliyyatı keçirmişəm. Həyat yoldaşım öz böyrəyini mənə bağışlayıb. Bundan əlavə, mən ağır ürək xəstəsiyəm, miokard infarktı keçirmişəm. Mövcud dözülməz yaşayış şəraiti həm mənim, həm də həyat yoldaşımın sağlamlığı və həyatı üçün hər gün ciddi təhlükə yaradır”.
Onun sözlərinə görə, 2025-ci ildə Yevlaxda keçirilən qəbulda iştirak etsə də, müraciəti həll olunmayıb.
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Yevlax şəhərində keçirdiyi rəsmi qəbulda şəxsən iştirak etdim. Tibbi sənədlərimi və ərizəmi təqdim edərək ağır vəziyyətimi izah etdim. Lakin qəbul zamanı mənə qarşı çox kobud və qeyri-insani münasibət göstərildi. Mənə “istəyirsən, öz ərizənlə Qiyaslı kəndinə də qayıtmaqdan imtina et, biz heç kimi məcburi Qarabağa aparmırıq” deyildi və ərizəmin üzərinə “imtina, qəbul olunmadı” qeydi yazıldı”.
Abbasov Xaqani iddia edir ki, indiyədək müxtəlif dövlət qurumlarına 150-dən çox müraciət ünvanlasa da, problemləri həll olunmayıb.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Abbasovlar ailəsinin qeydiyyatda olduğu kəndə hazırda köçürülmə aparılmır. Həmin yaşayış məntəqəsinə köç prosesi başladıqdan sonra ailənin də köçürülməsi məsələsinə baxılacaq:
“Ağdam rayonunun Qiyaslı kəndindən keçmiş məcburi köçkün Abbasov Xaqani Bayraməli oğlu Yevlax şəhəri köhnə taxta-şalban bazasında müvəqqəti məskunlaşıb. Qeyd olunan ünvanda məskunlaşan ailənin məsələsi ilə bağlı Dövlət Komitəsi məlumatlıdır.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri hazırda sürətlə davam edir. Köç prosesi zamanı qəzalı və ağır şəraitdə – yataqxana və digər müvəqqəti məskunlaşma obyektlərində yaşayan məcburi köçkün ailələrinin köçürülməsinə üstünlük verilir.
Qeyd edək ki, Abbasov Xaqani və ailəsinin daimi qeydiyyatda olduğu Ağdamın Qiyaslı kəndinə hazırda köçürülmə aparılmır. Kənddə bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilən evlərə ailələrin köçürülməsi zamanı, adıçəkilən ünvanda müvəqqəti məskunlaşmış Abbasovlar ailəsinin də Qiyaslı kəndinə köçürülməsinə qanunauyğun formada baxılacaqdır”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz