
ABŞ-də dəniz səyahətləri üçün 80 000 nəfərlik üzən şəhərin inşası təklif edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, “Azadlıq Gəmisi” adlanan layihənin kruiz gəmisindən çox, iki-üç il ərzində dünyanı gəzə bilən tamhüquqlu üzən şəhər olması planlaşdırılır.
Gəminin uzunluğunun təxminən bir mil olması nəzərdə tutulur.
Burada 50 000 sakin, 10 000 turist və 20 000 nəfərlik heyət üçün yaşayış yeri olacaq.
Layihənin təxmini dəyəri 16,16 milyard dollardır.
“Bu iddialı layihəni həyata keçirə biləcəyimizə əminik, lakin kapitallaşma əsas məsələ olaraq qalır”, - deyə “Freedom Cruise Line” şirkətinin baş direktoru Rocer Quç bildirib.
Gəmidə məktəblər, kolleclər, mağazalar, banklar, klublar, iki mərtəbəli restoran, 15 000 yerlik stadion, su parkı, konsert zalı, konqres mərkəzi, parklar və muzeylərin yerləşdirilməsi planlaşdırılır.
Şəhərin müxtəlif əraziləri arasında hərəkəti təmin etmək üçün tramvay sistemindən istifadə olunacaq.
“New York Post” qəzetinin məlumatına görə, gəminin ölçüsü dünyanın əksər limanları üçün çox böyük olacaq. Buna görə də, gəmi əsasən beynəlxalq sularda yerləşəcək. Sərnişinlər quruya bərə basitəsi ilə çata biləcəklər. Gəminin yuxarı göyərtəsində səkkiz vertolyot meydançası olacaq.
“Azadlıq Gəmisi” ideyası mühəndis Norman Nikson tərəfindən 1990-cı illərdə irəli sürülüb. Onun ölümündən sonra layihə faktiki olaraq dayandırılıb. Hazırda layihənin yenidən canlandırılması üçün səylər göstərilir, lakin tikintinin başlaması üçün maliyyələşdirməyə ehtiyac var.




Tətbiqimizi yükləyə bilərsiniz