BTQ dəmir yolu 775 milyon dollarlıq borcunu necə ödəyəcək? – Rəsmi açılışı oldu


827 kilometrlik Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bu gün rəsmi olaraq istifadəyə verilib.
Yeniavaz.com
BMG agentliyinə istinadən xəbər verir ki, açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu iştirak ediblər.
BTQ dəmir yolu ilk dəfə 30 oktyabr 2017-ci ildə sınaq rejimində istifadəyə verilib. Həmin vaxt açılış mərasimində Gürcüstanın o zamankı Baş naziri Giorgi Kvirikaşvili, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
BTQ dəmir yolunun Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılan ümumilikdə 775 milyon dollarlıq kredit hesabına həyata keçirilib. Gürcüstan hökuməti layihənin icrası üçün 2007-ci ildə “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-ni təsis edib.
Layihə çərçivəsində əvvəlcə 1 faiz illik faiz dərəcəsi ilə 200 milyon dollar, daha sonra isə 5 faiz dərəcəsi ilə əlavə 575 milyon dollarlıq kredit xətti ayrılıb. Kreditlərin alıcısı “Marabda-Kartsaxi Dəmir Yolu” MMC olsa da, tikinti işləri Azərbaycan Dəmir Yollarının Gürcüstandakı törəmə şirkəti tərəfindən həyata keçirilib. Kredit müqaviləsinə əsasən, layihənin maliyyə öhdəlikləri iştirakçı ölkələrin yaratdığı birgə müəssisə tərəfindən layihənin gəlirləri hesabına ödənilməlidir.
Qeyd edək ki, illər üzrə daşınan yüklərin həcmi belə olub:
2025 (9 ay) – 155 min ton (potensialın 3,1 faizi);
2024 – 53 min ton (1,1 faiz);
2023 – 92 min ton (1,8 faiz);
2022 – 430 min ton (8,6 faiz);
2021 – 483 min ton (9,7 faiz);
2020 – 247 min ton (4,9 faiz);
2019 – 116 min ton (2,3 faiz).


Beləliklə, BTQ xəttində ən yüksək göstərici 2021-ci ildə qeydə alınıb. Həmin il daşınan 483 min ton yük xəttin nəzərdə tutulan illik gücünün təxminən 10 faizinə bərabər olub.
Nəqliyyat Dəhlizi Tədqiqat Mərkəzinin rəhbəri Paata Tsaqareişvilinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu hazırda iqtisadi baxımdan rentabelli deyil.
“Bu gün Bakı-Tbilisi-Qars layihəsi cəmi 5-10 faiz güclə fəaliyyət göstərir. Layihənin təkcə gəlirli olmaması deyil, heç olmasa xərclərini qarşılaması üçün ildə ən azı 1 milyon 200 min ton yük daşınmalıdır. Lazımi yük axınının formalaşması və dəmir yolunun tam potensialına çatması üçün ən azı 3-5 il vaxt lazımdır”, – deyə ekspert bildirib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top