
1 iyun 2026-cı il tarixinə olan məlumata görə, dünyanın ən varlı 10 milyarderinin ümumi sərvəti 2,9 trilyon dollara yüksəlib.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, bu göstərici bir ay əvvəllə müqayisədə 220 milyard dollar çoxdur.
Sərvətdəki artım əsasən ABŞ fond bazarındakı yüksəlişlə əlaqələndirilir. Xüsusilə texnologiya və süni intellekt sektoru ilə əlaqəli şirkətlərin səhmlərindəki bahalaşma milyarderlərin kapitalını ciddi şəkildə artırıb.
Ay ərzində ən böyük qazancı “Oracle” şirkətinin həmtəsisçisi Larri Ellison əldə edib. Onun sərvəti cəmi bir ay ərzində 71 milyard dollar artaraq 276 milyard dollara çatıb. “Oracle” səhmlərinin may ayında 40% yüksəlməsi şirkətin süni intellekt texnologiyalarına investisiyaları və ABŞ müdafiə sektoru ilə əməkdaşlığının genişlənməsi ilə izah olunur. Bu nəticə Ellisonu yenidən dünyanın ən varlı beş şəxsi sırasına qaytarıb.
İkinci ən böyük artım “Dell Technologies” şirkətinin qurucusu Maykl Dellin payına düşüb. Onun sərvəti may ayı ərzində 67 milyard dollar artaraq 244 milyard dollara yüksəlib. Şirkətin süni intellekt üçün nəzərdə tutulmuş server satışlarından əldə etdiyi gəlirin son bir ildə 757% artması “Dell” səhmlərinin ciddi bahalaşmasına səbəb olub.
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq isə sərvətini 7 milyard dollar artırmasına baxmayaraq, reytinqdə yeddinci pilləyə geriləyib. Bunun əsas səbəbi “Meta” səhmlərinin may ayında yalnız 3% yüksəlməsi və digər texnologiya nəhəngləri ilə müqayisədə daha zəif dinamika göstərməsi olub.
Dünyanın ən varlı şəxsi statusunu isə İlon Mask qoruyub saxlayır. Onun sərvəti may ayında daha 53 milyard dollar artaraq rekord həddə - 835 milyard dollara çatıb. “Tesla” səhmlərində 14%-lik yüksəliş qeydə alınsa da, investorların əsas diqqəti “SpaceX”ə yönəlib. Şirkətin ötən ay ilkin kütləvi təklif (IPO) üçün müraciət etdiyi və təxminən 1,8 trilyon dollar dəyərində bazara çıxmağı planlaşdırdığı bildirilir. Analitiklər hesab edir ki, IPO uğurla baş tutarsa, 2026-cı il tarixə dünyanın ilk trilyonerinin meydana çıxdığı il kimi düşə bilər.
Eyni zamanda, fransız milyarder Bernard Arnault və “Microsoft”un keçmiş rəhbəri Stiv Ballmer yenidən dünyanın ən varlı 10 nəfəri sırasına qayıdıblar. LVMH səhmlərinin 4%, “Microsoft” səhmlərinin isə 10% artması onların mövqeyini gücləndirib.
1 iyun 2026-cı il tarixinə dünyanın ən varlı 10 şəxsi aşağıdakı kimi olub:
İlon Mask (“Tesla”, “SpaceX”, “xAI”, “X”) – 835 milyard dollar (+53 milyard dollar)
Larri Peyc (“Google”) – 309 milyard dollar (-4 milyard dollar)
Sergey Brin (“Google”) – 285 milyard dollar (-4 milyard dollar)
Ceff Bezos (“Amazon”) – 277 milyard dollar (+5 milyard dollar)
Larri Ellison (“Oracle”) – 276 milyard dollar (+71 milyard dollar)
Maykl Dell (“Dell Technologies”) – 244 milyard dollar (+67 milyard dollar)
Mark Zukerberq (“Meta”, “Facebook”) – 217 milyard dollar (+7 milyard dollar)
Censen Huanq (“Nvidia”) – 182 milyard dollar (+9 milyard dollar)
Bernar Arno (LVMH) – 148 milyard dollar (+5 milyard dollar)
Stiv Ballmer (“Microsoft”) – 141 milyard dollar (+11 milyard dollar)
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz