
Gürcüstanda son illər Rusiya təbii qazının idxalının artması Azərbaycan qazının həcminin azalması hesabına baş verməyib.
Yeniavaz.com xəbər verir ki, bunu Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyasının üzvü Givi Sanikidze BMG agentliyinə açıqlamasında bildirib.
Sanikidzenin sözlərinə görə, ölkədə Rusiya qazının idxalının yüksəlməsinin əsas səbəbi daxili istehlakın artmasıdır. O qeyd edib ki, Gürcüstanın təbii qaza olan tələbatı son illərdə əhəmiyyətli şəkildə yüksəlib və əlavə ehtiyacın qarşılanması üçün alternativ mənbələrdən idxal artırılıb.
Statistik göstəricilərə əsasən, Gürcüstanda ümumi qaz istehlakı 2021-ci ildə 2,595 milyard kubmetr olduğu halda, 2025-ci ildə 3,172 milyard kubmetrə yüksəlib. Eyni dövrdə Rusiyadan qaz idxalı da artaraq 397 milyon kubmetrdən 886 milyon kubmetrə çatıb.
Bununla belə, Azərbaycan Gürcüstanın əsas qaz təchizatçısı olaraq qalır. Rəsmi məlumatlara görə, Azərbaycandan idxal edilən qazın həcmi son illərdə ciddi azalma göstərməyib. 2025-ci ildə Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox qaz alıb və bu, ölkənin ümumi tələbatının 71,7 faizini təşkil edib.
Sanikidzenin sözlərinə görə, Gürcüstan üçün əsas prioritet istehlakçıların qazsız qalmamasıdır və buna görə də təchizat mənbələrinin şaxələndirilməsi enerji təhlükəsizliyi baxımından vacib hesab olunur.
Müzakirə zamanı Rusiyanın etibarlı enerji tərəfdaşı olub-olmaması məsələsinə də toxunulub. Sanikidze bildirib ki, dövlət Azərbaycan qazının payını artırmaq üçün çalışır, lakin təchizatçı ölkələrin imkanları və beynəlxalq öhdəlikləri də nəzərə alınmalıdır.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz