“Avtobusla 10 dəqiqəlik yolu bəzən 1 saata gedirik” – Video


Sumqayıtın “Qurd dərəsi” yaşayış massivində yol və nəqliyyat problemi sakinlərin narazılığına səbəb olub.
Yeniavaz.com
-a müraciət edən sakinlər bildirirlər ki, ərazidə yolların bərbad vəziyyətdə olması həm sərnişinlərin rahat hərəkətinə, həm də ictimai nəqliyyatın fəaliyyətinə ciddi təsir göstərir.
Sakinlərin sözlərinə görə, problemin əsas səbəbi ərazidə yolların yararsız vəziyyətdə olmasıdır:
“Qurd dərəsində illərdir yol problemi həllini tapmır. Ərazidə asfalt örtüyü çox azdır, bir çox küçələrdə yollar sakinlərin öz hesabına daş, çınqıl və digər materiallarla müvəqqəti şəkildə düzəldilir. Yağışlı havalarda isə yollar keçilməz vəziyyətə düşür”.
Sakinlər bildirirlər ki, ərazidəki digər problemlərdən biri də nəqliyyatla bağlıdır. Onların sözlərinə görə, yolların yararsız vəziyyəti səbəbindən marşrut xətlərində köhnə avtobuslar fəaliyyət göstərir.
“Normal şəraitdə avtobusla 10 dəqiqəyə qət edilə biləcək məsafəyə bəzən 45–50 dəqiqəyə, hətta 1 saata çatırıq. Yolların vəziyyətinə görə müasir avtobuslar bu marşrutda işləyə bilmir. Sürücülər deyirlər ki, yeni avtobuslar tez sıradan çıxır və bu yollara yalnız köhnə “PAZ” avtobusları tab gətirir”.
Sakinlər qeyd edirlər ki, ərazidə fəaliyyət göstərən 17, 17A, 18 və 27 nömrəli marşrut xətlərində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün ilk növbədə yol infrastrukturunun yenilənməsinə ehtiyac var.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) və Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.
AYNA-dan Yeniavaz.com-a bildirildi ki, bu marşrutlarda avtobusların yenilənməsi yalnız yolların vəziyyəti yaxşılaşdırıldıqdan sonra mümkün olacaq:
“Sözügedən marşrutların fəaliyyət göstərdiyi ərazilərdə yol şəraiti qənaətbəxş deyil. Yol infrastrukturu avtobusların təhlükəsiz və sərbəst hərəkəti, manevr etməsi üçün imkan verdiyi təqdirdə 17, 17A, 18 və 27 nömrəli marşrut xətlərində istismar edilən nəqliyyat vasitələrinin yenilənməsi məsələsinə baxılacaq”.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə sorğumuza cavab ala bilmədik.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top