
“US News & World Report” media şirkəti “Dünyanın Ən Yaxşı Ölkələri” adlı növbəti hesabatını dərc edib.
Yeniavaz.com xəbər verir ki, 2026-cı il reytinqində dünyanın 100 ölkəsi səhiyyə, idarəetmə, infrastruktur, təhlükəsizlik, iqtisadi imkanlar və ətraf mühitin davamlılığı kimi əsas göstəricilər əsasında qiymətləndirilib.
Hesabat göstərir ki, müasir dünyada insanlar üçün ən vacib meyarlar sabitlik, təhlükəsizlik, iqtisadi perspektivlər və ümumi rifahdır. Reytinq nəticələri son illərdə açıqlanan “ən xoşbəxt ölkələr” və “ən təhlükəsiz ölkələr” siyahılarında müşahidə edilən qlobal tendensiyalarla üst-üstə düşür.
2026-cı ilin nəticələrinə əsasən, İsveçrə dünyanın ən yaxşı ölkəsi seçilib. Ölkənin liderliyi idarəetmə və iqtisadi inkişaf daxil olmaqla bir sıra sahələrdə yüksək göstəricilər göstərməsi ilə əlaqələndirilir. İsveçrə qiymətləndirmənin səkkiz əsas kateqoriyasından dördündə ilk iki pillədə qərarlaşıb.
Siyahıda ikinci yeri ictimai səhiyyə və infrastruktur göstəricilərinə görə fərqlənən Danimarka, üçüncü yeri isə həyat keyfiyyəti və idarəetmə sahəsində yüksək nəticələr əldə edən İsveç tutur.
Qeyd olunub ki, ilk 25 ölkədən 18-i Avropa regionunu təmsil edir. Xüsusilə Skandinaviya ölkələri idarəetmə, səhiyyə, infrastruktur və iqtisadi imkanlar sahəsində üstün nəticələr göstərərək lider mövqelərdə qərarlaşıb.
Ekspertlərin fikrincə, 2026-cı ilin reytinqi göstərir ki, ən yüksək nəticələri dünyanın ən böyük və ya ən zəngin dövlətləri deyil, iqtisadi rifahı ictimai etimad, təhlükəsizlik, səhiyyə və sosial sabitliklə balanslaşdıran ölkələr əldə edir.
Bununla yanaşı, “US News & World Report” həyat tərzi və səyahət yönümlü ayrıca reytinqlər də təqdim edib. Həyat keyfiyyəti üzrə ilk beşlikdə Finlandiya, İslandiya, Norveç, Danimarka və İsveç qərarlaşıb. Bu ölkələr güclü sosial təminat sistemləri, yüksək səhiyyə standartları və iş-həyat balansı ilə seçilir.
Tək səyahət edənlər üçün ən uyğun ölkələr siyahısında İslandiya, İrlandiya və Yeni Zelandiya ilk üçlükdə yer alıb. Aşağı cinayətkarlıq səviyyəsi, rahat nəqliyyat sistemi və təhlükəsizlik bu seçimdə əsas rol oynayıb.
Ekoturizm üçün Seyşel adaları, Sloveniya və Xorvatiya ön plana çıxarkən, uşaq böyütmək üçün ən yaxşı ölkələr Finlandiya, İsveç, İslandiya, Norveç və Danimarka göstərilib.
2026-cı ildə dünyanın ən yaxşı 10 ölkəsi aşağıdakı kimi olub:
İsveçrə
Danimarka
İsveç
Almaniya
Hollandiya
Norveç
Birləşmiş Krallıq
Finlandiya
Lüksemburq
Avstriya
Qeyd edək ki, Azərbaycan hesabatda yer almayıb. Azərbaycandan fərqli olaraq qonşu ölkələr hesabata daxil edilib. Qonşu ölkələrin 100 ölkənin yer aldığı siyahıdakı mövqeləri aşağıdakı kimi olub:
Türkiyə – 52-ci yer
Qazaxıstan – 53-cü yer
Gürcüstan – 55-ci yer
Rusiya – 56-cı yer
Ermənistan – 70-ci yer
İran – 86-cı yer
Siyahının son sıralarında isə İraq (95), Myanmar (96), Zimbabve (97), Nigeriya (98), Efiopiya (99) və Anqola (100) qərarlaşıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz