
Ötən ilin may ayı ilə müqayisədə bu ilin may ayında Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış sayı azalıb.
Yeniavaz.com xəbər verir ki, sosial mediada auditoriya aktivliyini və kontent effektivliyini analiz edən “Feedspy” platformasının açıqladığı məlumata görə, 2025-ci ilin may ayında ümumi baxış sayı 234 milyon 550 min 445 olduğu halda, 2026-cı ilin may ayında bu rəqəm 26,6 faiz azalaraq 172 milyon 283 min 688-ə düşüb.
Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış saylarının müqayisəsi göstərir ki, 2026-cı ilin may ayında ən çox izlənən kanal “Baku TV” olub.
“Baku TV” 61 milyon 75 min 813 baxışla ilk sırada qərarlaşıb. Kanalın baxış sayı ötən ilin may ayı ilə müqayisədə artım göstərib. Belə ki, 2025-ci ilin may ayında “Baku TV”nin ümumi baxış sayı 55 milyon 938 min 352 olduğu halda, 2026-cı ilin may ayında bu göstərici 61 milyon 75 min 813-ə yüksəlib.
Reytinq siyahısında ikinci pillədə 18 milyon 500 min 93 baxışla “ARB 24” yer alıb. Kanal ötən ilin may ayında 21 milyon 946 min 650 baxış topladığı üçün bu il azalma qeydə alınıb. İlk üçlüyü isə 15 milyon 787 min 583 baxışla “Xəzər TV” tamamlayıb. Kanalın ötən ilin eyni dövründəki göstəricisi 22 milyon 37 min 63 olub.
Ən diqqətçəkən dəyişikliklərdən biri CBC kanalında müşahidə olunub. Belə ki, 2025-ci ilin may ayında 23 milyon 407 min 418 baxış toplayan kanal 2026-cı ilin may ayında 5 milyon 271 min 640 baxışa qədər geriləyib və reytinqdə 3-cü pillədən 8-ci yerə düşüb.
İzlənmə sayında artım qeydə alan kanallar arasında “İctimai TV” və “Space TV” diqqət çəkib. “İctimai TV”nin baxış sayı 11 milyon 343 min 487-dən 14 milyon 805 min 817-yə yüksəlib. “Space TV” isə 315 min 78 baxışdan 1 milyon 327 min 680 baxışa çataraq ən yüksək nisbi artımlardan birini göstərib.
Bununla yanaşı, ATV, AzTV, ARB və APA TV-də də ciddi azalma müşahidə olunub. ATV-nin ümumi baxış sayı 43 milyon 701 min 727-dən 8 milyon 914 min 326-ya düşüb. AzTV isə 23 milyon 303 min 898 baxışdan 9 milyon 774 min 387 baxışa geriləyib.
Cədvəldə son 2 ilin may aylarında Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış sayları qeyd olunub:

Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz