MDU Kembric modelinə keçdi


2026-cı ilin 1 iyun tarixindən Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib.
Təhsildə keyfiyyətin yüksəldilməsi, şəffaflığın təmin olunması və beynəlxalq qiymətləndirmə təcrübələrinin tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, cari imtahan sessiyasında ingilis dili fənləri üzrə imtahanlarda Kembric Universitetinin beynəlxalq qiymətləndirmə modeli tam şəkildə tətbiq edilməyə başlanılıb.
Yeni yanaşmaya əsasən, tələbələrin dil bacarıqları kompleks şəkildə qiymətləndirilir. İmtahanlar dinləmə (Listening), oxu (Reading), yazı (Writing) və danışıq (Speaking) komponentlərini əhatə etməklə tələbələrin xarici dildə kommunikasiya, anlama və ifadəetmə bacarıqlarının obyektiv şəkildə müəyyənləşdirilməsinə imkan yaradır. Bu model tələbəyönümlü təhsil mühitinin formalaşdırılmasına, nəticəyönümlü öyrənmənin təşviqinə və beynəlxalq standartlara uyğun kompetensiyaların inkişafına xidmət edir.
İmtahan sessiyasının müasir texnoloji imkanlardan istifadə edilməklə, şəffaf, obyektiv və səmərəli təşkili üçün bütün zəruri hazırlıq işləri görülüb. Universitet rəhbərliyi tərəfindən imtahan prosesinin yüksək keyfiyyətlə həyata keçirilməsi, akademik dürüstlük prinsiplərinə riayət olunması və tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
MDU-da yaz semestrinin imtahan sessiyası 2026-cı il 3 iyul tarixinədək davam edəcək. Sessiya çərçivəsində ümumilikdə 1013 imtahanın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tədris prosesinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, innovativ qiymətləndirmə mexanizmlərinin tətbiqi və tələbələrin qlobal əmək bazarının tələblərinə uyğun kompetensiyalarının inkişaf etdirilməsi universitetin strateji fəaliyyət istiqamətləri sırasında mühüm yer tutur.

DİGƏR XƏBƏRLƏR

Top