
“Forbes” jurnalı 2026-cı il üçün dünyanın ən dəyərli futbol klublarının reytinqini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, siyahının zirvəsində yenə də İspaniya nəhəngi “Real Madrid” qərarlaşıb.
Nəşrin məlumatına görə, Madrid klubunun dəyəri 9,5 milyard dollara yüksəlib. Bu göstərici ikinci sırada yer alan “Barselona”nın dəyərindən təxminən 2 milyard dollar çoxdur.
Son iki mövsümdə nə İspaniya La Liqasını qazana, nə də UEFA Çempionlar Liqasının yarımfinalına yüksələ bilməyən “Real Madrid” buna baxmayaraq, rekord maliyyə göstəricilərini qoruyub saxlayır. Klubun 2024/25 mövsümündə gəliri əvvəlki illə müqayisədə 12 faiz artaraq 1,27 milyard dollara çatıb.
“Forbes” bunu idman tarixində bir komanda üçün qeydə alınan ən yüksək gəlir göstəricisi hesab edir. Madrid təmsilçisi bununla ABŞ-nin NFL təmsilçisi “Dallas Cowboys”u da geridə qoyub.
Reytinqdə üçüncü yeri İngiltərə təmsilçisi “Mançester Yunayted” tutur. Ümumilikdə isə “Mançester Yunayted”in də yer aldığı İngiltərə Premyer Liqası bu sahədə dominant mövqeyini qoruyur. İlk 30-luqda 11 ingilis klubu yer alıb. Müqayisə üçün, İspaniya La Liqası siyahıda cəmi üç klubla təmsil olunur.
Jurnal həmçinin qeyd edir ki, amerikalı investorların Avropa futboluna marağı sürətlə artır. Bu mövsüm Premyer Liqa klublarının yarıdan çoxu amerikalı sahiblərin və ya ABŞ investisiya fondlarının nəzarəti altında olub. Oxşar tendensiya İtaliya A Seriyasında da müşahidə edilir. Hazırda çempionatın 20 klubundan 9-u Şimali Amerika investorlarına məxsusdur.
Analitiklərin fikrincə, investor marağının əsas səbəblərindən biri Avropa futbol klublarının Amerika idman komandaları ilə müqayisədə daha aşağı qiymətləndirilməsidir. Belə ki, Avropa klublarının orta qiymətləndirilməsi gəlirin 5,6 qatı həcmindədir. Bu göstərici NBA-da 12,9, NFL-də 10,7, MLS-də isə 8,9 qat təşkil edir.
Ekspertlər hesab edir ki, yaxın illərdə futbol klublarının dəyəri daha da artacaq. Yeni stadion layihələri və UEFA Çempionlar Liqasının televiziya hüquqlarının bahalaşması bu artımın əsas səbəbləri sırasında göstərilir. Hazırda “Barselona”, “Mançester Yunayted” və “Roma” infrastruktur layihələri üzərində çalışır, “Milan” və “İnter” isə ortaq yeni stadion tikintisini planlaşdırır.
Dünyanın ən dəyərli 10 futbol klubu aşağıdakı kimi olub:
“Real Madrid” – 9,5 milyard dollar
“Barselona” – 7,5 milyard dollar
“Mançester Yunayted” – 7,2 milyard dollar
“Liverpul” – 6,2 milyard dollar
“Paris Sen-Jermen” – 5,8 milyard dollar
“Bavariya” – 5,7 milyard dollar
“Mançester Siti” – 5,5 milyard dollar
“Arsenal” – 5,4 milyard dollar
“Çelsi” – 4,2 milyard dollar
“Tottenhem Hotspur” – 3 milyard dollar
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz