Dildən sözə, sözdən dilə...


Dil (başqa sözlə, buna dil hakimiyyəti də demək olar) ondan istifadə edənlər üçün böyük bir sərvətdir. İnsanları uzun-uzadı dinləməyə və ya düşünməyə vadar edən, fikirlərini dəyişdirən və ya alt-üst edən, ürəklərində (hətta vicdanlarında da) taxt quran və ya nifrət oyadan dildir. Harvard Universitetində 33 ildən artıq rektor olan professor Çarlz Elliot: “Hər bir insanın öyrənməli olduğu ən zəruri şey ana dilindən düzgün istifadə etmək və bu dildə düzgün danışmaqdır”, - deyir. Təbii ki, bunun üçün ən yaxşı yol gözəl yazılar oxumaq, əzbərləmək və ya təkrarlamaqdır.
İnsanlarla ünsiyyətimizdə nə söylədiyimiz, necə söylədiyimiz çox vacibdir. Çox vaxt bizi danışıq tərzimizə görə mühakimə edirlər. Ona görə də, ana dilinə hakim olmaq bir məziyyətdir. Dili söz ustalarının əsərlərini təhlil etməklə və geniş dünyagörüşünə yiyələnməklə də zənginləşdirmək olar.
Əksər tədqiqatlar dilə hakim olmayanların oxuduqlarını başa düşmədiklərini, ən dəhşətlisi isə səhv başa düşdüklərini göstərir. Şübhə yox ki, sözsüz düşünmək qeyri-mümkündür. Həmçinin, söz ağlın və təfəkkürün inkişafında ən mühüm amillərdən biridir. Buna görə də, dünya miqyasında sözün gücü ilə bağlı xeyli təcrübələr aparılmaqdadır. Məsələn, belə təcrübələrdən biri də Amerika liseylərindən birində aparılır. İki sinifdən birinin tədris planına liseydə öyrədilən adi dərslər, o birinə isə bu dərslərlə yanaşı, əlavə dil kursu da daxil edilir. Müəyyən dövrdən sonra ikinci sinif təkcə dil fənnində deyil, bütün fənlərdə birinci sinifdən yüksək nəticələr göstərir.
Çikaqodakı İllinois Universitetinin professoru, dilşünas alim Uilyam D. Templman da bu universitetdə həyata keçirilən maraqlı bir təcrübədən bəhs edir. Universitetin bütün birinci kurs tələbələri arasında müxtəlif qabiliyyət testləri keçirilir. Bu testlərə dil testi də əlavə edilir. Bir il sonra universitet rəhbərliyi bu testlərdən hansının tələbələrin gələcək nəticələri barədə fikir söyləməyə imkan verdiyini öyrənmək istəyir. Qəribə də olsa, dil testinin tələbələrin illik nəticələri barədə fikir söyləməyə imkan verdiyi məlum olur. Buna görə də, Uilyam D. Templman bu nəticədən çıxış edərək, “Atalar, analar, müəllimlər! Uşaqlarınızın universitetdə uğurla təhsil almasını istəyirsinizsə, onların söz ehtiyatlarının zəngin olmasına, dillərini dərindən bilmələrinə diqqət yetirin”, - deyir.
Başqa bir misal: Stivens Texnologiya İnstitutunun əməkdaşı, professor Conson O'Konner təsərrüfat sahələri üçün rəhbərlər hazırlayan kursun 100 dinləyicisinə yuxarıda bəhs etdiyimiz testə bənzər bir test verir. Beş il sonra aparılan yoxlamalar testdə çox bal toplayanların hamısının, istisnasız olaraq rəhbər vəzifələrə yüksəldiyini, az bal toplayanların isə aşağı vəzifələrdə qaldığını göstərir.
Böyük təsəvvif şairi Yunus Əmrə də:
“Söz ola kəsə savaşı,
Söz ola kəsdirə başı,
Söz ola ağulu aşı,
Yağ ilə bal edə bir söz”...
dördlüyü ilə sözün gücünü ifadə edir.
İnsanın ağzından çıxan bir sözün fiziki gücü bir at gücünün mülyon biri qədər də olsa, hər şeyi alt-üst etməyə qadirdir.
Maksim Qorki ocaqçı şagirdi olduğu illərdə Tolstoyun bir hekayəsini oxuyarkən o qədər təsirlənir ki, “Bəlkə kağızın içində sehrli bir şey var?” - deyərək onu havaya qaldırır və təbii ki, ağ kağız üzərində qara hərflərdən başqa bir şey görmür. Bəli, o ocaqçı şagirdini sehrləyən şey sözün sehrli təsiridir.
Bu gün əksər ölkələrdə dilin gücündən istifadə edən reklam şirkətləri böyük gəlirlər əldə edirlər. Bəzən yerində deyilmiş bir söz şirkətə milyonlar qazandırır.
Qərbin böyük mütəfəkkirlərindən Ernst Hofman dil hakimiyyətinin nitqə təsiri barədə belə deyir: “Yaxşı natiqlər hamıdan çox oxuyanlardır. Onlar bunun sayəsində fərqinə belə varmadan özlərinə lazım olan bir çox fikirləri və sözləri mənimsəyirlər və təbii ki, böyük yazıçıların zövqləri və üslubları da onlara az təsir etmir”.
Adını tarixə yazan və istifadə etdiyi dildə yeni bir cığır açan Uilyam Şekspir öz əsərlərində iyirimi min sözdən istifadə etmişdir. Onun bu üstünlüyü isitfadə etdiyi dilə hakim olmasından və dilinin zənginliyindən irəli gəlir.
Məlumdur ki, sözlər fikir palitrasının rəngləridir. Sözlərin bolluğu isə fikir zənginliyinə gətirib çıxarır.
Böyük şəxsiyyətlərin zəngin söz xəzinəsinə malik olduqları inkarolunmaz bir həqiqətdir. Onların dilə hakim olmaları da zəngin söz xəzinəsinə malik olmaları ilə bağlıdır. Onları söz ustadı edən də budur. Bu şəxsiyyətlər dil hakimiyyətinə malik olmaqla yanaşı, böyük təsir gücünə də malikdirlər.
Allah kəlamı olan Müqəddəs Quran da hər şeydən əvvəl bir söz möcüzəsidir. Bu, əslində gələcəkdə elmlə yanaşı, dilin də böyük dəyər ifadə edəcəyini göstərir. Belə ki, o vaxt bir söz bir top gülləsindən daha çox təsirə malik olacaq.
Quran və hədislər bənzərsiz dil mənbələri kimi susuzları doyurmağa qadirdir. Qurandan güc alan söz ustadlarımız: nizamilərimiz, füzulilərimiz, nəsimilərimiz bu gün də ulduzlar kimi söz səmamızı bəzəməkdədirlər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top