
Çempionlar Liqasının finalında Fransa klubu “Paris Saint-Germain”in (PSJ) Londonun “Arsenal” komandasını məğlub etdiyi oyundan sonra ölkədə polislə futbol azarkeşləri arasında qarşıdurmalar baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransanın daxili işlər naziri Loran Nunezin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, qarşıdurmalar nəticəsində 416 nəfər saxlanılıb.
Ən çox həbs - 283 - Parisdə olub. Nazir həmçinin Fransanın 15 şəhərində müxtəlif infrastruktura ziyan dəydiyini bildirib. Renn, Strasburq, Klermon-Ferran və Qrenoblda mağazaların talan edilməsi halları da olub.
Çempionlar Liqasının finalı Budapeştdə baş tutub. Oyun, digər yerlərdən əlavə, PSJ-nin “Park des Princes” stadionundan yayımlanıb. Azarkeşlərlə polis arasında qarşıdurmalar oyunun əvvəlində başlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 150 nəfər Paris stadionuna girməyə cəhd edib.
Oyundan sonra da qarşıdurmalar davam edib və polis azarkeşləri dağıtmaq üçün göz yaşartıcı qazdan istifadə edib. Stadion yaxınlığında iğtişaşlar nəticəsində bir çörək sexi və bir restoran zərər görüb, etirazçılar velosipedlərdən istifadə edərək barrikadalar qurub. Yüzlərlə insan Paris dairəvi yolunu bağlayaraq nəqliyyatın hərəkətini müvəqqəti olaraq iflic edib.
Tətbiqimizi yükləyə bilərsiniz