Pambığın maya dəyəri və satış qiyməti açıqlandı – Rayonlar üzrə siyahı


Ötən il kənd təsərrüfatı müəssisələri tərəfindən ümumilikdə 29 min 759,9 ton pambıq satılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, satışdan əldə olunan gəlir 24 milyon 76 min manat, mənfəət isə 1 milyon 106,8 min manat təşkil edib. Ölkə üzrə pambıq istehsalının orta rentabelliyi 4,8 faiz olub.
Satılan pambığın həcminə görə ilk sırada Biləsuvar rayonu qərarlaşıb. Rayon üzrə müəssisələr 9 min 618,6 ton pambıq satıb. İkinci yerdə 5 min 614,1 ton ilə İmişli rayonu, üçüncü pillədə isə 3 min 823,2 ton ilə Ağcabədi rayonu yer alıb. Daha sonra Beyləqan rayonu 3 min 41,5 ton, Yevlax rayonu isə 2 min 382,8 ton pambıq satışı ilə seçilib. Ən az satış isə Neftçala rayonunda qeydə alınıb. Burada cəmi 56,2 ton pambıq satılıb. Füzuli rayonunda bu göstərici 112,6 ton, Ağdərədə isə 437,4 ton olub.
Bir kiloqram pambığın maya dəyəri rayonlar üzrə kəskin şəkildə fərqlənib. Ən aşağı maya dəyəri Ağdərə rayonunda qeydə alınıb. Burada bir kiloqram pambığın istehsalı orta hesabla 0,38 manata başa gəlib. Tərtərdə bu göstərici 0,43 manat, Neftçalada 0,46 manat, Ağcabədidə isə 0,47 manat olub. Ən yüksək maya dəyəri isə İmişli rayonunda müşahidə edilib. Burada bir kiloqram pambığın istehsalı 1,07 manata başa gəlib ki, bu da orta satış qiymətini üstələyib. Füzuli rayonunda bir kiloqram pambığın maya dəyəri 1,01 manat, Saatlı rayonunda isə 0,70 manat olub.
Pambığın satış qiymətində də rayonlar arasında fərqlər var. Ən yüksək satış qiyməti Sabirabad rayonunda qeydə alınıb. Burada bir kiloqram pambıq orta hesabla 0,94 manata satılıb. Biləsuvarda bu göstərici 0,88 manat, Neftçalada 0,86 manat, Beyləqanda isə 0,82 manat təşkil edib. Ən aşağı satış qiyməti isə Ağcabədi rayonunda olub. Burada müəssisələr bir kiloqram pambığı orta hesabla 0,65 manata sata biliblər. Ölkə üzrə orta satış qiyməti 0,81 manat təşkil edib ki, bu da təxminən 809 manat/ton deməkdir.
Satışdan əldə olunan gəlirə görə də Biləsuvar rayonu lider olub. Rayon üzrə müəssisələr pambıq satışından 8 milyon 420 min manat gəlir əldə edib. İmişlidə bu göstərici 4 milyon 481 min manat, Ağcabədidə 2 milyon 485 min manat, Yevlaxda 1 milyon 903 min manat, Tərtərdə isə 1 milyon 326 min manat təşkil edib. Ən aşağı gəlir Neftçalada qeydə alınıb. Burada pambıq satışından cəmi 48,2 min manat gəlir əldə olunub. Füzuli rayonunda isə gəlir 90,1 min manat səviyyəsində qalıb.
Mənfəət göstəricilərinə baxdıqda ən uğurlu rayonların Ağcabədi, Tərtər və Biləsuvar olduğu görünür. Ağcabədidə müəssisələr 676,7 min manat, Tərtərdə 617,8 min manat, Biləsuvarda isə 580,9 min manat mənfəət əldə edib. Bunun əksinə olaraq, bəzi rayonlarda pambıqçılıq müəssisələri zərərlə işləyib. Ən böyük zərər İmişli rayonunda qeydə alınıb və burada müəssisələr 1 milyon 499 min manat itki ilə üzləşib. Beyləqanda 72,3 min manat, Füzulidə isə 23,2 min manat zərər qeydə alınıb. İmişlidə böyük istehsal həcminə baxmayaraq zərərin yaranması pambığın maya dəyərinin satış qiymətini üstələməsi ilə izah olunur.
Rentabellik üzrə isə lider Ağdərə rayonu olub. Burada pambıq istehsalının rentabelliyi 111,2 faiz təşkil edib. Tərtərdə bu göstərici 87,2 faiz, Neftçalada 84,7 faiz, Salyanda 54,6 faiz, Zərdabda isə 50,3 faiz olub. Ən aşağı rentabellik Beyləqan rayonunda qeydə alınıb və göstərici mənfi 2,8 faiz təşkil edib. İmişli və Füzuli rayonlarında da pambıq istehsalı zərərlə nəticələndiyi üçün rentabellik mənfi olub.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top