
Bir qəzet müxbiri tibbdə yeni ixtira etmiş bir alimdən: “Siz bu ixtiranız üçün ən çox kimə borclusunuz?” - deyə soruşdu. Alim bu suala: “Anama”, - deyə cavab verdi və davam etdi: “Uşaq vaxtı soyuducudan süd şüşəsini götürmək istəyirdim. Birdən şüşə əlimdən düşdü və hər tərəf süd gölünə çevrildi. Bu vaxt anam mətbəxə gəldi və məni cəzalandırmaq əvəzinə: “Nə gözəl bir iş görmüsən. Əvvəllər heç belə süd gölü görməmişdim. İndi yəqin ki, südü təmizləməzdən əvvəl onunla oynamaq istəyəcəksən?” - dedi. Sonra mən də, anam da yerə tökülən südlə oynadıq. Bir azdan anam: “Artıq südü təmizləmək vaxtıdır. De görüm, südü nə ilə təmizləmək istəyirsən? Süngərlə, yoxsa parça ilə?” - deyə soruşdu. Mən süngəri seçdim və birlikdə yerə tökülən südü təmizlədik. Sonra anam: “Bilirsən, sən südlə dolu şüşəni qaldıra bilmədiyin üçün bu hadisə baş verdi”, - dedi, - “İndi birlikdə həyətə gedək və şüşəni su ilə doldurub götürməyi öyrənək”...
Bu hadisə mənim üçün böyük bir dərs oldu. Bundan sonra səhv etsəm də, qorxmadım. Əksinə hər bir səhvin yeni bir şey öyrənmək üçün gözəl bir fürsət olduğunu anladım. Əslində, elmi təcrübələrdə də belədir. Bir təcrübədə uğursuzluğa məruz qalırsan, ancaq əvəzində o təcrübədən sonrakı təcrübələr üçün çox qiymətli məlumatlar əldə edirsən”.
P. S. “Dühanın yüzdə biri ilham, yüzdə doxsan doqquzu tərdir” (Tomas Edison).
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz