
Tramp administrasiyasının rəsmiləri ABŞ Prezidenti Donald Trampın təsvir olunduğu yeni 250 dollarlıq əskinasın hazırlanmasını tələb edirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadla məlumat verib.
Məlumata görə, əgər bu təşəbbüs uğurla nəticələnsə, Tramp 150 il ərzində sağ ikən şəkli dollar əskinasının üzərində olan ilk şəxs olacaq.
Mənbələrin sözlərinə görə, təşəbbüsün müəllifləri xəzinədar Brendon Biç və onun müşaviri Mayk Braundur və onlar Qravür və Çap Bürosuna (BEP) qanun layihəsini qısa bir vaxtda dərc etdirmək üçün təzyiq göstərirlər.
Rəsmilər hətta maketlər də təqdim ediblər ki, bunlardan birində 250 dollarlıq əskinasın mərkəzində Trampın üzünün təsviri, həmçinin, ABŞ Prezidenti və maliyyə naziri Skott Bessentin imzaları var.
Britaniyalı rəssam İen Aleksandr da qəzetə belə bir maketin mövcudluğunu təsdiqləyib və hətta maketin dizaynında dəyişiklikləri, o cümlədən ABŞ-nin qurulmasının 250 illiyi üçün loqotipin əlavə edilməsini müzakirə etdiyini bildirib.
Nəşrin yazdığına görə, Trampın şəklinin çapına icazə verən qanun layihəsi 2025-ci ildən bəri ABŞ Konqresində müzakirə olunur. WP qeyd edib ki, Maliyyə Nazirliyinin rəsmiləri dəfələrlə çoxsaylı hüquqi və prosedur detallarla əlaqədar qanun layihəsinin hazırlanmasının bir neçə il çəkəcəyini bildiriblər.
ABŞ Maliyyə Nazirliyi əvvəllər ABŞ-nin təsis edilməsinin 250 illiyini qeyd etmək üçün ABŞ Prezidenti Donald Tramp və maliyyə naziri Skott Bessentin imzalarını ABŞ dollarına əlavə etmək planlarını açıqlamışdı. Bu, tarixdə ilk dəfə olaraq mövcud prezidentin imzasının valyuta üzərində əks olunması deməkdir.
Qeyd edək ki, 1776-cı ildə qəbul edilmiş İstiqlal Bəyannaməsi ABŞ-nin Britaniya İmperiyasından azad olduğunu elan edib. Bəyannamə Konqres tərəfindən 2 iyul 1776-cı ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində qəbul edilib. İki gün sonra Konqres sənədin yenidən işlənmiş versiyasını təsdiqləyib və onun çapını və ictimaiyyətə paylanmasını əmr edib. Buna görə də 4 iyul Amerika Birləşmiş Ştatlarının təsis günü hesab edilir.
Tətbiqimizi yükləyə bilərsiniz