Tramp Qülləsi ABŞ-nin sanksiya tətbiq etdiyi İvanişvilinin oğluna məxsus torpaqda tikiləcək


Britaniyanın nüfuzlu “The Guardian” qəzeti Tbilisidə planlaşdırılan “Tramp Qülləsi” (Trump Tower) layihəsi ilə bağlı məqalə yayımlayıb.
Yeniavaz.com
xəbər verir ki, layihənin ABŞ sanksiyaları altında olan gürcü siyasətçisi Bidzina İvanişvilinin ailəsi ilə əlaqəli torpaq sahəsində həyata keçirilməsi mümkün maraqlar toqquşması barədə suallar doğurub.
Məlumata görə, layihə hazırda ABŞ Prezidenti Donald Trampın oğulları tərəfindən idarə olunan “Trump Organization” şirkəti ilə yerli inkişaf şirkətlərinin birgə təşəbbüsüdür.
Məqalədə qeyd edilir ki, 70 mərtəbəli göydələnin Tbilisidə keçmiş hippodrom ərazisində tikilməsi planlaşdırılır. Torpaq sahəsinin qeydiyyat üzrə sahibi “Cartu” xeyriyyə fondudur. Rəsmi sənədlərə əsasən, fondun tam mülkiyyəti “Cartu Group”a məxsusdur və şirkətin 35 faizi Bidzina İvanişvilinin böyük oğlu Uta İvanişviliyə aiddir.
Xatırladaq ki, Bidzina İvanişvili 2024-cü ildə ABŞ administrasiyası tərəfindən sanksiyaya məruz qalıb. ABŞ Maliyyə Nazirliyi onu “Rusiya Federasiyasının maraqları naminə Gürcüstanın demokratik və Avroatlantik gələcəyini zəiflətməkdə” ittiham etmişdi.
“The Guardian” yazır ki, sanksiyalardan sonra Uta İvanişvilinin “Cartu Group”dakı payı 100 faizdən 35 faizə endirilib. Qalan səhmdarların kimliyi isə açıqlanmır, çünki 5 faizdən az paya sahib şəxslərin məlumatları anonim saxlanıla bilər.
Nəşr qeyd edir ki, ABŞ sanksiya rejiminə əsasən, Amerika vətəndaşlarının Bidzina İvanişvili ilə birbaşa biznes əlaqələri qurması qadağandır. Bununla belə, rəsmi olaraq onun nəzarətində hesab olunmayan şirkətlərlə əməkdaşlıq üçün müəyyən istisnalar mövcuddur.
“Tramp Qülləsi” layihəsi aprel ayında elan olunub. Şirkətin icraçı vitse-prezidenti Erik Tramp bildirib ki, şirkət “Gürcüstana dünya səviyyəli standartlar gətirməkdən qürur duyur” və yerli tərəfdaşlarla əməkdaşlıqdan məmnundur.
Layihədə gürcü şirkətləri – “Archi Group”, “Biograpi Living”, “Blox Group” və “Finvest Georgia”, həmçinin Tramp ailəsinin uzunmüddətli biznes tərəfdaşı olan “Sapir Organization” iştirak edir.
Məqalədə vurğulanır ki, “Archi Group”un təsisçisi İlia Tsulaya hakim “Gürcü Arzusu” partiyasının keçmiş deputatı olub. “Biograpi Living” isə iş adamları Soso və Levan Pxakadzelərə məxsus “Wissol Group”un tərkibinə daxildir.
İvanişvilinin vəkili Temo Tsikvadzenin sözlərinə görə, ailə keçmiş hippodrom ərazisində ümumilikdə 511 min 880 kvadratmetr torpaq sahəsinə sahib olub. Bunun 431 min 735 kvadratmetri dövlətə verilib və hazırda həmin ərazidə mərkəzi park salınır. Təxminən 80 min kvadratmetrlik qalan hissənin satışı üzrə ilkin razılaşma isə 2023-cü ilin oktyabrında imzalanıb.
Gürcüstan hökumət rəsmiləri layihəni ölkəyə iqtisadi etimad göstəricisi kimi qiymətləndirirlər. Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, Trampın şirkətinin Gürcüstana öz brendi ilə daxil olması mövcud biznes mühitinə inamı göstərir.
Bunun əksinə olaraq, qeyri-hökumət təşkilatları layihəni tənqid edir. “Transparency International Georgia” təşkilatının nümayəndəsi Sandro Kevxişvilinin sözlərinə görə, “Tramp Qülləsi” sadəcə özəl biznes təşəbbüsü deyil və siyasi təsirləri ilə bağlı əsaslı şübhələr mövcuddur.
Qeyd edək ki, Bidzina İvanişvili hazırda Gürcüstanın ən varlı şəxslərindən biridir. “Forbes” jurnalının məlumatına əsasən, keçmiş baş nazir və ailəsinin sərvəti təxminən 2,7 milyard dollar qiymətləndirilir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top