
2026-cı ilin 26 may tarixində Memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş Naxçıvan Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı, Gümüşhane Universiteti, Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Macarıstanın Széchenyi István Universiteti, eləcə də Türkiyənin Karadeniz Teknik Universiteti, Pamukkale Universiteti, Akdeniz Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Adıyaman Universiteti və Bayburt Universitetinin tərəfdaşlığı ilə I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – NAXÇIVAN 2026) öz işinə başlayıb.
Beynəlxalq konfransın əsas məqsədi mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı sahəsində aparılan müasir elmi tədqiqatların müzakirəsi, Naxçıvan və Mingəçevirin turizm potensialının inkişaf etdirilməsində Türkiyə təcrübəsindən istifadənin genişləndirilməsi, elmi fikir mübadiləsinin təşviqi, bu istiqamətdə innovativ yanaşmaların paylaşılması və beynəlxalq elmi əməkdaşlıqların daha da gücləndirilməsidir. Konfrans Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmaqla yanaşı, Türk dünyasının ortaq mədəni irs dəyərlərinin elmi əsaslarla tanıdılması, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Konfransdan bir gün öncə Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının turizm potensialı, zəngin mədəni irsi, tarixi abidələri, təbii sərvətləri və regionun strateji turizm məkanları ilə yaxından tanış olub. Səfər çərçivəsində qonaqlara Naxçıvanın qədim tarixini, mədəni zənginliyini və turizm perspektivlərini əks etdirən geniş təqdimatlar verilib.
Naxçıvan Dövlət Universitetinin Konqress Zalında keçirilən beynəlxalq konfransda Mingəçevir Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin akademik-inzibati heyəti, professor-müəllimləri, tədqiqatçıları, tələbələri, eləcə də konfransın tərəfdaş qurumlarının nümayəndələri, yerli və xarici alimlər iştirak ediblər.
Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, dahi siyasi xadimin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Daha sonra NDU-nun universitet şəhərciyində və tədris binalarında əməkdaş və tələbələrin əl işlərindən ibarət sərgiyə, eləcə də emalatxana-auditoriyalarına baxış keçirilib, burada universitetin tədris mühiti, maddi-texniki bazası və tələbələrin yaradıcılıq potensialı ilə yaxından tanış olunub.
Konfrans Ümummilli lider Heydər Əliyevin və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında belə mötəbər beynəlxalq elmi platformanın Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Naxçıvan tarixən Türk-islam sivilizasiyasının mühüm mədəniyyət mərkəzlərindən biri olub və Memar Əcəmi Naxçıvani kimi dünya memarlıq tarixində dərin iz buraxmış şəxsiyyətlərin irsi bu torpağın zəngin elmi-mədəni potensialını əks etdirir. Rektor konfransın mədəni irsin qorunması, turizmin dayanıqlı inkişafı və elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayacağını qeyd edib. Elbrus İsayev, eyni zamanda, tərəfdaş universitetlərə, iştirakçı alimlərə və konfransın birgə təşkilində əməyi olan bütün qurumlara təşəkkürünü bildirib.
Çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın regionun iki aparıcı ali təhsil müəssisəsinin elmi əməkdaşlığının uğurlu nümunəsi olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, MDU və NDU-nun birgə təşkilatçılığı ilə keçirilən bu beynəlxalq tədbir yalnız elmi müzakirə platforması deyil, eyni zamanda Türk dünyasının ortaq mədəni dəyərlərinin tanıdılması, dayanıqlı turizm strategiyalarının formalaşdırılması və beynəlxalq akademik inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm təşəbbüsdür. Anar Eminov qeyd edib ki, konfrans çərçivəsində aparılan müzakirələr Mingəçevir və Naxçıvan şəhərlərinin zəngin tarixi-mədəni irsi və turizm imkanlarının daha səmərəli şəkildə tanıdılması, bu sahədə innovativ yanaşmaların tətbiqi, eləcə də dayanıqlı turizm modelinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, xüsusilə Türkiyənin turizm idarəçiliyi, mədəni irsin qorunması və turizm marşrutlarının effektiv təşkili sahəsindəki uğurlu təcrübəsinin öyrənilməsi və tətbiqi, hər iki şəhərin turizm potensialının artırılmasına, beynəlxalq turist axınının genişlənməsinə və regionun iqtisadi inkişafına mühüm töhfə verə bilər. Anar Eminov Naxçıvan Dövlət Universitetinin yüksək qonaqpərvərliyini, təşkilati peşəkarlığını və səmimi ev sahibliyini xüsusi vurğulayaraq, birgə əməkdaşlığın gələcəkdə daha genişmiqyaslı layihələrlə davam etdiriləcəyinə inamını ifadə edərək konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Gümüşhane Universitetinin rektoru prof. Dr. Okan Yıldız, Akdeniz Universitetinin rektoru Prof. Dr. Özlenen Özkan, Azərbaycan Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Pamukkale Universitetinin rektoru prof. Dr. Mahmud Güngör və Bayburt Universitetinin prorektoru prof. Dr. Yusuf Bilgin konfransın beynəlxalq əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda mədəni irsin qorunması, dayanıqlı turizm siyasətinin gücləndirilməsi, universitetlərarası elmi tərəfdaşlığın genişləndirilməsi və Türk dünyasının ortaq akademik əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində bu cür təşəbbüslərin mühüm rolu xüsusi vurğulanıb.
Rəsmi çıxışlardan sonra konfrans bədii hissə ilə davam edib. Təqdim olunan musiqi və mədəni kompozisiyalar iştirakçılarda zəngin təəssürat yaradıb, milli-mədəni irsin tanıdılması baxımından tədbirə xüsusi məna qatıb.
Günün ikinci yarısında isə konfrans öz işini hibrid formatda bölmə iclasları ilə davam etdirib. Yerli və xarici tədqiqatçıların iştirakı ilə təşkil olunan panel və bölmə sessiyalarında mədəni irsin qorunması, ağıllı turizm, qonaqpərvərlik idarəçiliyi, innovasiya, iqlim dəyişiklikləri, ekoloji dayanıqlılıq, tarixi-arxeoloji irs və sosial-humanitar yanaşmalar üzrə müxtəlif elmi məruzələr təqdim olunub. Hibrid format həm fiziki, həm də onlayn iştirak imkanları yaradaraq beynəlxalq elmi müzakirələrin daha geniş auditoriyaya çatdırılmasına, təcrübə mübadiləsinin gücləndirilməsinə və elmi əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək.
Qeyd edək ki, I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – NAXÇIVAN 2026) regionda mədəni irs və dayanıqlı turizm sahəsində elmi dialoqun gücləndirilməsi, beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi və ortaq akademik dəyərlərin təşviqi istiqamətində mühüm elmi platforma kimi qiymətləndirilir.






Tətbiqimizi yükləyə bilərsiniz