Son 6 ildə Azərbaycanda kasıblar daha çox kasıblayıb, varlılar isə daha çox varlanıb


Ötən il Azərbaycandakı ev təsərrüfatlarının 13 faizində adambaşına düşən aylıq gəlir 280 manatdan aşağı olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanda yaşayış minimumu 285 manat müəyyən edilib.
Qeyd edək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyədə təmin olunması üçün zəruri hesab edilən ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən olunan toplusudur.
Bu baxımdan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər yoxsul əhali kateqoriyasına aid edilir. Bununla belə, rəsmi statistikada gəlir qruplaşdırılması 280 manat həddi üzrə aparıldığı üçün hesablamalar həmin göstərici əsasında təqdim olunur.
Ötən il Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4,19 nəfər təşkil edib. 2025-ci ilin ortalarında əhalinin sayının 10 milyon 242 min nəfər olduğu nəzərə alınarsa, ölkədə ümumilikdə təxminən 2 milyon 444 min ev təsərrüfatının mövcud olduğu qənaətinə gəlmək olar.
Bu hesablamaya əsasən, ötən il təxminən 318 min ev təsərrüfatında yaşayan 1 milyon 331 min nəfərin adambaşına düşən aylıq gəliri 280 manatdan aşağı olub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat təşkil edib. Həmin il ev təsərrüfatlarının 7,4 faizində adambaşına düşən aylıq gəlir yaşayış minimundan – 180 manatdan az olub.
2019-cu ilin ortalarında ölkə əhalisinin sayının 10 milyon 20 min nəfər, ev təsərrüfatlarının orta ölçüsünün isə 4,14 nəfər olduğu nəzərə alınarsa, Azərbaycanda təxminən 2 milyon 420 min ev təsərrüfatı mövcud olub. Hesablamalara görə, həmin dövrdə təxminən 179 min ev təsərrüfatında yaşayan 741 min nəfərin aylıq gəliri yaşayış minimumundan aşağı olub.
Onu da bildirək ki, ötən il Azərbaycandakı ev təsərrüfatlarının 13,4 faizində adambaşına düşən aylıq gəlir 600 manatdan çox olub. Bu isə təxminən 324 min ev təsərrüfatında yaşayan 1 milyon 372 min nəfərin aylıq gəlirinin 600 manatdan çox olduğunu göstərir. 2019-cu ildə isə təxminən 140 min ev təsərrüfatında yaşayan 581 min nəfərin aylıq gəliri 550 manatdan çox olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top