Qurban düsturu: Dünyadan qop, Allaha üz tut…


İslam təqviminə görə, hər il Zilhiccə ayının 10-u Qurban bayramının ilk günüdür. Zilhiccə ayının bu məlum günlərində qurban kəsmək imkanı olan hər müsəlman üçün borcdur. Çünki bu ibadət Allahın əmridir.
Qurani-Kərimin “Kövsər” surəsinin 2-ci ayəsində buyurulur: “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!..”
Qurban bayramı Həcc ziyarəti ilə üst-üstə düşür. Həcc ziyarəti insana ölümdən sonra dirilib Məhşər meydanında toplaşmağın ifadəsi olduğu kimi, qurban kəsmək də verdiyi bütün nemətlər üçün Allaha (c.c.) şükür etməyin ifadəsidir. Qurban vermək əslində hər bir insanın xarakterini formalaşdıran dəyərlər arasında ən mühüm xüsusiyyətdir. Hələ Adəm Peyğəmbərin oğulları Habil və Qabil də yetişdirdikləri məhsullardan qurban vermişdilər.
Bütün dinlərdə qurban var. Qurbanın ən gözəli, ən mükəmməli isə heç şübhəsiz ki, İslam dininin əmr etdiyi qurbandır.
Ov heyvanlarından, həmçinin quşlardan qurban olmaz. Dəvə, inək, camış, qoyun və keçidən qurban kəsilər. Qoyun, keçi ən azı 1, inək, camış 2, dəvə isə 5 yaşında olmalıdır. Bir qoyun və ya keçini bir adam, bir inək, camış və ya dəvəni isə yeddiyə qədər adam birləşib qurban kəsə bilər. İnək, camış və ya dəvə kəsənlərin hamısının niyyəti qurban kəsmək olmalıdır, əgər birisi ət olsun niyyəti ilə bu işə qoşularsa, o heyvan qurban olmaz.
Qurban əti satılmaz, satılsa, qurban olmaz. Qəssabın haqqı ayrıca verilməlidir, yoxsa “Sən bu heyvanı kəs, mən də ətindən sənə iki kilo verim” demək qurbanı qurban olmaqdan çıxarar. Ya da qəssab heç bir tənəmması olmadan bu əziyyəti çəkər, sən də ona pay verərsən, verməzsən, bu sənin işindir.
Qurban ətini 3 yerə bölmək, bir hissəsini kasıblara, bir hissəsini qohumlara və qonşulara, bir hissəsini də evə ayırmaq mövcud şəraitə görə ən uyğun bölgüdür. Qurban ətindən müsəlman olmayanlara da vermək olar.
Qurbanı incitmədən kəsmək, kəsərkən də “Bismillah, Allahu Əkbər” və ya “Bismillah” demək lazımdır. Yaxşı olar ki, qurbanı özünüz kəsəsiniz, əgər kəsə bilmirsinizsə, heç olmasa heyvanın yanında dayanın, kəsənlə birlikdə “Bismillah” deyin.
Qurban kəsilən yeri təmizləməyi də unutmayın, belə ki, sizin ibadətiniz başqalarına əziyyət olmasın.
Qurbanınızı vəkalət yolu ilə müsəlmanların aclıq çəkdiyi ölkələrə də göndərə bilərsiniz. Ölmüşlərinizin adından da qurban kəsə bilərsiniz. Allah (c.c.) bütün ibadətlərimizi, qurbanlarımızı Uca Dərgahında qəbul buyursun, yurdumuza xeyir-bərəkət, insanlarımıza könül xoşluğu nəsib eləsin!
Qurban bayramınız mübarək olsun!

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top