Neft Fondunun 22 ton qızılı kimə və neçəyə satdığı məlum deyil


Məlum olduğu kimi, bu ilin ilk 3 ayında Dövlət Neft Fondunun qızıl şəklində saxlanılan aktivləri 21,9 ton azalıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ilin əvvəlində Neft Fondunun 200 ton qızılı olduğu halda, aprel ayının əvvəlində bu göstərici 178,1 tona düşüb.
Qeyd edək ki, ötən ay Fond qızıl ehtiyatlarının azalması ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, 2026-cı ilin I rübü ərzində qızılın qiymətində müşahidə olunan artım nəticəsində qızıl altportfelinin çəkisi Fondun İnvestisiya Siyasətində müəyyən edilmiş hədəf səviyyəni (icazə verilən kənarlaşma intervalı nəzərə alınmaqla) üstələyib. Bu səbəbdən, bazar şəraiti də nəzərə alınaraq, portfelin tarazlaşdırılması məqsədilə qızılın payının tədricən hədəf səviyyəyə qaytarılması istiqamətində müvafiq əməliyyatlar həyata keçirilib.
Lakin bu ilin I rübü ərzində Azərbaycandan xarici ölkələrə qızıl satışı qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, 2024-cü ilin əvvəlinə dair rəsmi məlumata əsasən, Neft Fondunun 101,8 ton qızılı olub. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə isə 2024-cü il ərzində ölkəyə xaricdən 41,1 ton qızıl idxal edilib. Bir il sonra — 2025-ci ilin əvvəlində Neft Fondunun qızıl ehtiyatının 146,6 tona yüksəldiyi açıqlanıb.
2025-ci il ərzində isə ölkəyə əlavə 57,5 ton qızıl gətirilib və nəticədə 2026-cı ilin əvvəlində Neft Fondunun qızıl ehtiyatları 200 tona çatıb.
Açıqlanan məlumatlardan görünür ki, Neft Fondundakı qızıl ehtiyatlarının artımı təxminən ölkəyə idxal olunan qızılın həcmi ilə uyğunluq təşkil edib.
Ancaq bu ilin ilk rübündə qeydə alınan 21,9 tonluq azalma ixrac statistikasında əksini tapmayıb. Belə ki, həmin dövrdə Azərbaycandan xarici ölkələrə işlənmiş qızıl ixrac edilməyib. Bu ilin ilk üç ayında İsveçrəyə 4,5 ton emal olunmamış qızıl ixrac edilib.
Onu da bildirək ki, 2024-2025-ci illərdə ölkəyə idxal edilən qızılın hansı ölkələdən və neçəyə alındığı açıqlandığı halda, bu il qızılın hansı ölkələrə və neçəyə satıldığı açıqlanmayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top