
Azərbaycan manatının xarici valyutalara münasibətdə real effektiv məzənnəsi (REM) son bir ildə zəifləyib.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin aprelində ümumi real effektiv məzənnə 118,6 olduğu halda, 2026-cı ilin aprelində 115,3-ə düşüb.
Bu, 3,3 faiz bəndi azalma deməkdir. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə isə 114,6-dan 110,8-ə enib, yəni 3,8 faiz bəndi geriləyib.
Qeyd edək ki, real effektiv məzənnənin aşağı düşməsi manatın ticarət tərəfdaşlarımızın valyutalarına nisbətdə real ifadədə “ucuzlaşması” deməkdir.
Onu da bildirək ki, real effektiv məzənnənin azalması, xüsusilə də qeyri-neft sektoru üzrə 3,8 faiz bəndi geriləməsi Azərbaycanın ixrac imkanlarını artırsa da, idxal inflyasiyasının yüksəlməsinə səbəb olur.
Əgər tərəfdaş ölkələrdə qiymətlər kəskin artırsa və ya manat onlara nisbətdə real dəyər itirirsə, xaricdən idxal etdiyimiz xammal, avadanlıq və istehlak malları bizə daha baha başa gələ bilər. Bu isə ölkə daxilində idxal inflyasiyası riskini artırır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz