Elektrikli avtomobil satışında yeni rekord gözlənilir


Yaxın Şərqdə davam edən münaqişənin yaratdığı enerji böhranı fonunda dünyada elektrikli nəqliyyat vasitələrinə maraq sürətlə artır.
Yeniavaz.com
xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) tərəfindən yayımlanan yeni hesabatda 2026-cı il ərzində elektrikli avtomobil satışlarının rekord səviyyəyə çatacağı proqnozlaşdırılır.
Hesabata əsasən, bu il qlobal miqyasda təxminən 23 milyon elektrikli nəqliyyat vasitəsinin satılması gözlənilir. Bu göstərici ümumi avtomobil bazarının təxminən 30 faizini təşkil edəcək və sektorun tarixində ən yüksək nəticələrdən biri sayılır.
Bununla belə, əsas bazarlardan olan ABŞ və Çində satışlar ilin birinci rübündə daxili siyasət və iqtisadi amillər səbəbindən 8 faiz azalıb. Analitiklər bu geriləməni subsidiyaların yenidən nəzərdən keçirilməsi, istehlakçı xərclərinin azalması və bazarda qeyri-müəyyənliklə əlaqələndirirlər.
Digər tərəfdən, Avropa və Asiya-Sakit Okean regionunda müşahidə olunan artım ümumi mənzərəni dəyişib. Avropada elektrikli avtomobil satışları 30 faiz, Asiya-Sakit Okean bölgəsində isə 80 faiz artaraq qlobal bazardakı azalmanı kompensasiya edib.
Elektrikli avtomobil istehsalında liderliyini qoruyan Çin hazırda qlobal bazarın təxminən 75 faizinə nəzarət edir və əsas istehsal mərkəzi kimi mövqeyini saxlayır. Ekspertlərin qiymətləndirməsinə görə, subsidiyalar olmasa belə, 2035-ci ilə qədər dünyada elektrikli nəqliyyat vasitələrinin sayı 510 milyona çata bilər.
Mütəxəssislər hesab edirlər ki, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar və yanacaq qiymətlərindəki dalğalanmalar elektrikli nəqliyyata keçidi daha da sürətləndirəcək.

DİGƏR XƏBƏRLƏR

Top