ABŞ–İran razılaşması Yaxın Şərqdə narahatlıq yaradır – WSJ


ABŞ Prezidenti Donald Tramp administrasiyasının regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik anlaşmanı yekunlaşdırmağa çalışdığı bildirilir.
Yeniavaz.com
“The Wall Street Journal”a istinadən xəbər verir ki, müzakirə edilən sazişin konturları həm İsraildə, həm də Fars körfəzi ölkələrində ciddi narahatlıq doğurur.
Məlumatına görə, vasitəçilər ən azı 60 günlük atəşkəsin uzadılmasını, Hörmüz boğazı üzərindən gəmiçiliyin mərhələli şəkildə bərpasını və İranın nüvə proqramı üzrə yeni danışıqların başlanmasını nəzərdə tutan memorandum layihəsi hazırlayıblar. İlkin plana əsasən, müharibənin dayandırılması və İran limanlarına qarşı tətbiq edilən Amerika dəniz blokadasının aradan qaldırılması da gündəmdədir.
Mümkün razılaşmaya əsasən, Tehran Hörmüz boğazını müvəqqəti açmalı, gələcək idarəetmə mexanizmi və nüvə sazişi üzrə danışıqlar dövründə tranzit rüsumlarından imtina etməlidir. Bunun qarşılığında İran dondurulmuş aktivlərinin – təxminən 100 milyard dollar həcmində vəsaitin qismən azad edilməsini və sanksiyaların yumşaldılmasını istəyir.
Bununla belə, layihədə İranın nüvə proqramına dair hüquqi baxımdan məcburi öhdəliklərin yer almaması narahatlıq yaradır. Məlumata görə, Tehran yalnız uranın zənginləşdirilməsinə məhdudiyyətlər və yüksək zənginləşdirilmiş material ehtiyatlarına beynəlxalq nəzarət məsələlərinin müzakirəsinə açıq olduğunu bildirib.
ABŞ dövlət katibi Marko Rubio son 48 saat ərzində müəyyən irəliləyiş əldə edildiyini açıqlayıb. O bildirib ki, mümkün razılaşma həm Hörmüz boğazının tam açılmasını təmin etməli, həm də İranın nüvə proqramı ilə bağlı əsas riskləri aradan qaldırmalıdır.

Vaşinqtonda etirazlar artır
Mümkün saziş ABŞ daxilində də birmənalı qarşılanmır. Respublikaçı senatorlar Lindsey Qraham və Ted Kruz də daxil olmaqla, İrana qarşı sərt siyasət tərəfdarları razılaşmanın Tehrana təzyiqi zəiflədəcəyini və onun regional mövqeyini daha da gücləndirəcəyini iddia edirlər.

İsrailin əsas narahatlığı: İran vaxt qazana bilər
İsraildə isə əsas qorxu mümkün fasilənin İrana toparlanmaq imkanı verməsidir. Rəsmi Tel-Əviv hesab edir ki, Tehran son illərin ən həssas mərhələlərindən birini yaşayır və atəşkəs onun mövqelərini bərpa etməsinə şərait yarada bilər.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı vəziyyəti müzakirə etmək üçün siyasi-hərbi kabinetin iclasını çağırıb. İsrail rəsmiləri xüsusilə nüvə proqramını əhatə etməli olan danışıqların ikinci mərhələsinin qeyri-müəyyənliyindən narahatdır.
Bundan əlavə, Livandakı vəziyyət də İsrail üçün əlavə risk hesab olunur. Rəsmi Tel-Əviv mümkün razılaşmanın İranın dəstəklədiyi Hizbullah qruplaşmasına qarşı hərbi manevr imkanlarını məhdudlaşdıra biləcəyindən ehtiyat edir.

Körfəz ölkələri: sabitlik istəyirlər, amma ehtiyat edirlər
Fars körfəzi ölkələri münaqişənin tezliklə başa çatmasında və enerji ixracının bərpasında maraqlıdır. Bununla yanaşı, region dövlətləri yeni razılaşmanın İranın Hörmüz boğazındakı təsirini daha da gücləndirə və gələcək böhranlarda Tehranın regional mövqeyini möhkəmləndirə biləcəyindən narahatdır.

Qlobal enerji bazarına təsir
Ekspertlər xəbərdarlıq edirlər ki, hətta razılaşma əldə olunsa belə, müharibənin iqtisadi nəticələri uzun müddət hiss ediləcək. Hörmüz boğazı qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi əsas marşrut hesab olunur və münaqişə nəticəsində artıq bir milyard bareldən çox xam neft daşınmasının dayandığı bildirilir.
Analitiklərin fikrincə, boğazın yenidən açılması qlobal neft qiymətlərini və gəmiçilik xərclərini aşağı sala bilər. Lakin normal daşımaların tam bərpası aylar tələb edəcək. BƏƏ-nin enerji nəhəngi ADNOC rəhbərliyinin qiymətləndirməsinə görə, münaqişə başa çatdıqdan sonra belə, boğazdan keçən yük axını təxminən dörd ay ərzində müharibədən əvvəlki səviyyənin yalnız 80 faizinə çata biləcək.
Ekspertlər regionun enerji infrastrukturuna dəyən ziyanın bərpasının təxminən 58 milyard dollara başa gələ biləcəyi barədə də xəbərdarlıq edirlər.

DİGƏR XƏBƏRLƏR

Top