Elektron mühit və elektron əxlaq


Lüğətdə əxlaq xarakterlər, insanın yaxşı və ya pis hərəkətləri kimi səciyyələndirilir. Həmçinin əxlaq insanın anadangəlmə malik olduğu və ya sonradan əxz etdiyi xüsusiyyətlər kimi də qəbul olunur.
Əxlaq haqqında danışmazdan əvvəl müəyyən suallar ortaya çıxır. Görəsən əxlaq nədir? Bəlkə əxlaq davranışlarımızın çərçivəsini müəyyən edən sözlər yığınıdır? Bəlkə əxlaq davranışlarımızın konstitusiyasıdır? Digər tərəfdən, baş verən hadisələri şərh edərkən həyat fəlsəfəmizin əsasını təşkil edən əxlaqın nə qədərinin bizə aid olduğunu da müzakirə etməyə dəyər.
Çox vaxt davranışlarımıza qiymət verərkən və ya başqalarının hərəkətlərini qiymətləndirərkən təzada düşməyə bilmirik. Vicdanımız bizi əxlaqa tərəf istiqamətləndirsə də, biz başqa tərəfə meyil etməyə çalışırıq. Belə bir sual doğur. Nə üçün bəzən beyin dilimizlə ağız dilimiz başqa-başqa şeyləri ifadə edir? Davranışlarımıza nəzarət edən vicdanımız mənbəyini haradan götürür? Bəlkə fikir potensialımızın bünövrəsini təşkil edən əsas mənbə bəşəriyyətə təqdim edilən cahanşümul prinsiplərdir? Bəlkə bunlar sırf bəşəri anlayışlardır?
Əslində, əxlaqlılıq insanın şüuraltındadır. İnsanın özünü büruzə verməsində bu xüsusiyyət çox mühüm rol oynayır. Ona görə də, insanın bütün nəzarəti bu sistemin əlindədir.
Bütün başqa mühitlərdə olduğu kimi, əxlaq anlayışı elektron mühitdə də qarşımıza çıxır. Çünki belə mühitdə insan fikirlərini daha rahat pərdələyə bilir. Bir sözlə o, bu mühitdə üzünü görmədiyi, səsini eşitmədiyi insanlarla ünsiyyət qurur. Mimikalarını, hərəkətlərini, hisslərini asanlıqla gizləyir, ucsuz-bucaqsız okeanda üzən bir gəmi kimi elektron fəzada üzür.
Gündəlik həyatımızda, yəni gözümüzlə görüb qulağımızla eşitdiyimiz fiziki mühitdə ədəb və əxlaq qaydalarına necə riayət ediriksə, internet kimi elektron mühitlərdə də eyni qaydalara riayət etməliyik. Əslində, internetdə əxlaq çoxlarımızın unutduğu və ya nəzərdən qaçırdığı ən mühüm prinsiplərdən biridir. Bu anlayış artıq internet dünyasında da qəbul edilməkdədir. Hətta əxlaq qaydaları internet konstitusiyasında da öz əksini tapmaqdadır. Bu əxlaq qaydalarına riayət etmək təbii ki, məcburi deyil. Bəlkə də qanuni gücü də yoxdur, ancaq bir şey var ki, bu qaydalara riayət etməyənlər, başqalarının hüquqlarını tapdalayanlar o mühitdən sıxışdırılmağa məhkumdurlar.
Bir də unutmamalıyıq ki, qarşı tərəfdəki təkcə kompüter və ya smartfon deyil. Orada da sizin kimi bir insan var. Əgər siz necə düşünürsünüzsə, başqası da eyni şeyi sizin üçün düşünə bilər. Bir sözlə, üzünü görmədiyiniz, səsini eşitmədiyiniz, mimikalarından, hərəkətlərindən xəbərsiz olduğunuz insanlarla istədiyiniz kimi davranmamalısınız, davrana bilməzsiniz də. Biz o adamı görürmüş kimi, onunla üz-üzə otururmuş kimi davranmalıyıq. Birinin üzünə qarşı deyə bilmədiyimiz şeyi internet labirintlərində gizlənərək deməməliyik.
Davranışlar millətlərdən asılı olaraq dəyişir. Hər bir millətin özünəməxsus davranış qaydaları var. Davranışların ifadə etdiyi mənalar ölkədən-ölkəyə də müxtəlif olur. Sözsüz ki, internetdə ünsiyyətdə olduğumuz şəxs hər hansı bir milliyyətə, hər hansı bir etiqada və ya hər hansı bir cinsiyyətə malikdir. Ona görə də, bunu unutmamalı və həmişə qarşı tərəfə hörmətlə yanaşmalıyıq.
Alınan borcu geri qaytarmaq olar, ancaq alınan vaxtı geri qaytarmaq olmaz. Vaxtın nə qədər qiymətli olduğunu yalnız onu itirənlər bilirlər. Sizin boş vaxtınız ola bilər, ancaq bu qarşı tərəfin də sizin kimi boş olması demək deyil. İnternet dünyasında müsahibinizi lüzumsuz və yersiz sözlərlə, gərəksiz suallarla məşğul etmək əxlaqa uyğun deyil. Məsələn, eyni məlumatı eyni adama dəfələrlə göndərmək həm vaxt itkisi, həm də hörmətsizlik deməkdir.
Elektron mühitdə heç kim heç kimi görmür, heç kim heç kimi eşitmir. Hətta dininizi, dilinizi, irqinizi və cinsinizi də gizləyə bilərsiniz. Buna görə heç kim sizi mühakimə də edə bilməz. Ancaq yazılan sözlər üçün bunu demək qeyri-mümkündür. Biz burada yalnız və yalnız yazdıqlarımızla mövcuduq və özümüzü ancaq yazdıqlarımızla ifadə edə bilirik. Bu baxımdan sözlərimizin və cümlələrimizin mənalı, düzgün və məntiqli olmasına diqqət göstərməliyik. Heç olmasa ona görə ki, qarşımızdakı insandan da eyni şeyləri gözləməyə haqqımız olsun. Həmçinin fikirlərimizi kifayət qədər konkret, sadə, eyni zamanda əxlaq qaydaları çərçivəsində ifadə etməliyik.
İnternet dünyasında problemlərimizi həll edə biləcək adamlara da rast gəlmək mümkündür. Buna görə də, həmin adamlarla problemlərimizi bölüşərək onların təcrübə və biliklərindən istifadə edə bilərik. Ancaq qarşı tərəfin narahat ola biləcəyini nəzərə alaraq bu xahişləri tez-tez təkrarlamamalıyıq. Bundan başqa, bizə ünvanlanan, ancaq həll etməkdə çarəsiz olduğumuz problemləri də bilənlərə istiqamətləndirərək bir-birimizə kömək edə bilərik.
Bəzi pis niyyətli adamlar başqalarının şifrlərindən istifadə edərək, o şəxsin adından üçüncü şəxsə qeyri-ciddi məlumatlar göndərməkdən çəkinmirlər. Belələri bəzən o qədər irəli gedirlər ki, əxlaq sərhədlərini də aşırlar. Bu da çox vaxt anlaşılmazlıqlara səbəb olur. Ona görə də, belə vəziyyətlərdə mütləq gələn məlumatların həqiqətən də göstərilən şəxs tərəfindən göndərilib göndərilmədiyini müəyyən etməliyik.
Başqalarına göndərəcəyimiz elektron məktubları lüzumsuz və gərəksiz məlumat yığınları ilə doldurmamalıyıq. Məktubları lazım olan ölçüdə və lazım olan ünvana göndərməyə çalışmalıyıq. Əks halda bu bizi əslində əxlaq prinsiplərindən biri olan israfa, həm də vaxt, əmək və enerji israfına sürükləyə bilər.
İnternetdən yeni istifadə edənlər əlbəttə ki, səhvə yol verə bilərlər. Belə hallarla qarşılaşdıqda səbirli olmaq, onlara yol göstərmək, səhvlərini düzəltməkdə kömək etmək lazımdır.
Özümüzün ya da başqalarının şəxsi problemlərinə hörmətlə yanaşmalıyıq. Özümüzə və ya başqalarına aid sirləri internet vasitəsi ilə ötürməməyə çalışmalıyıq. Başqalarının məktublarını əldə etmək və ya onları oxumaq xəstəliyindən də uzaq olmalıyıq. Başqalarının icazəsi olmadan onlara aid olan məlumatlardan istifadə etməməliyik.
Nəticə etibarı ilə internetdə istəmədiyimiz hərəkətləri biz də başqalarına etməməliyik. Real həyatda necə davranırıqsa, elekron mühitdə də elə davranmalıyıq. Unutmamalıyıq ki, əxlaq həyatımızın bir hissəsini deyil, bütün həyatımızı əhatə edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top