
Ermənistanda keçirilən ictimai rəy sorğusu göstərir ki, ölkə vətəndaşları ən vacib siyasi tərəfdaş kimi daha çox Fransa, Rusiya və Avropa İttifaqını görür.
Yeniavaz.com xəbər verir ki, sorğu nəticələri Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən açıqlanıb.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 39 faizi Fransanı Ermənistanın ən mühüm siyasi tərəfdaşı hesab edir. Rusiyanı əsas tərəfdaş kimi görənlərin payı 35 faiz, Avropa İttifaqını seçənlərin payı isə 34 faiz olub. İran 29 faizlə dördüncü yerdə qərarlaşıb. ABŞ 27 faiz, Gürcüstan 18 faiz, Çin isə 17 faiz dəstək qazanıb.
Sorğuda Türkiyə və Azərbaycan Ermənistan üçün siyasi tərəfdaş kimi ən az seçilən ölkələr sırasında yer alıb. Respondentlərin yalnız 4 faizi Türkiyəni, 3 faizi isə Azərbaycanı mühüm siyasi tərəfdaş hesab etdiyini bildirib.
Eyni sorğuda Ermənistan üçün ən böyük siyasi təhlükə yaradan ölkələr də müəyyənləşdirilib. Respondentlərin 73 faizi Azərbaycanı Ermənistan üçün ən böyük siyasi təhdid hesab etdiyini bildirib. Türkiyə 58 faizlə ikinci yerdə qərarlaşıb. Rusiya isə 32 faizlə üçüncü ən böyük siyasi təhlükə kimi göstərilib.
Digər ölkələr arasında ABŞ və Ukrayna hər biri 6 faiz, Gürcüstan 4 faiz, Avropa İttifaqı 3 faiz səviyyəsində siyasi təhdid kimi qiymətləndirilib. İran və Fransa hərəyə 2 faiz, Çin isə 1 faiz göstərilib.
Tətbiqimizi yükləyə bilərsiniz