Allaha yaxınlaşmaq məqamı...


İslam təqvminə görə, hər il Zilhiccə ayının 10-u Qurban bayramının ilk günüdür. Yəni Qurban bayramı zəvvarların Həcc ziyarəti ilə üst-üstə düşür. Həcc ziyarəti bir növ öldükdən sonra dirilərək Allah qarşısına çıxmağı, yəni məhşəri təmsil edir. Zəvvarlar Həccdə bütün ritualları yerinə yetirərək, həmçinin qurban kəsərək Hacı ünvanına layiq görülürlər. Həccə getməyənlər də olduqları məkanda kəsdikləri qurbanlarla Həccdəki qardaşları ilə bir növ həmrəy olurlar.
Qurban - səni sənin niyyətin, səmimiyyətin, ən əsası isə Allah qarşısında təqvan qədər Allaha (c.c.) yaxınlaşdırır. Bir müsəlmanın bu həqiqətləri ruhunda hiss edərək şükür hissi ilə qurban kəsməsi Allahın o bəndəsinə lütfüdür.
“Qurban” sözü “qürb” kökündən yaranıb, mənası “yaxınlaşmaq” deməkdir. İslam terminologiyasında bəndənin Allaha yaxınlaşması deməkdir. Hər seydən əvvəl onu nəzərdə tutmaq lazımdır ki, bəndənin xoşbəxtliyi də, borcu da Allaha (c.c.) yaxınlaşmaqdır. Bayramda kəsilən heyvan bu yaxınlaşma üçün bir yoldur, bir vasitədir. Gerçək qurban olan, yəni Allaha yaxınlaşan isə o qurbanı kəsənin özüdür.
Qurban etmək - qurban olmaq istəməkdir. Hər kəs həyatını fəda etməyə hazır olduğu varlığın, ünvanın qurbanıdır. Məcnun Leylinin, Fərhad Şirinin, ömrünü Allahın istədiyi kimi yaşayanlar isə Allahın qurbanı olduğu kimi...
Qurban - sədaqətdir. Könül verib bağlandığın dərgahdan ayrılmadan son nəfəsini də o qapıda verib can əmanətini Həqiqi Sahibinə təslim etməkdir.
Qurban - səmimiyyətdir. Adəm oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi, Allah o qurbanı qəbul etdi. Habilin qardaşı Qabil yetişdirdiyi meyvələrin ən çürüyünü qurban ayırdı, Allah onun qurbanını rədd etdi. Allah üçün verəcəksənsə, ən gözəlini ver. Yəni, əsas məsələ nə verdiyinə baxmaq deyil, kimin adına verdiyinə baxmaqdır.
Qurban - Həqiqi Sahibini tanımaqdır. Hər şeyin Allahın mülkü olduğunu idrak etmək və bu həqiqətə inandığını nümayiş etdirməkdir. Allahın əmanət olaraq verdiyindən onun rizasını qazanmaq üçün verməkdir.
Qurban - bərəkətlənməkdir. Əlindəki əmanəti bərəkətləndirməkdir. Malı verən Allah onun bərəkətini də verir. Bəzən çox görünən mal az xeyirli olur, bəzən də az görünən malın bərəkəti bitib-tükənmək bilmir. Allah üçün fəda etmək üzüm tənəyini budamaq kimidir, zahirən az görünsə də, səmərəsi çox olur.
Allah yolunda şəhid olmaq da elə Allaha qurban olmaqdır. Allah bəlkə elə buna görə buyurur ki, şəhidlərə ölü deməyin, onlar Allah qatında hər cür nemətə qovuşurlar.
Allah (c.c.) buyurur ki, O, insana insanın boynunun şah damarından da yaxındır. Yəni qurbanda nəzərdə tutulan qulun Allaha yaxınlaşmasıdır. Allah onsuz da bəndələrinə yaxındır. Allahın bəndəyə yaxın olması, hələ bəndənin Allaha yaxın olması demək deyil. Allah buyurur ki, əgər bəndə Allaha yaxınlaşmaq üçün əmr olunduğundan da artıq ibadət etsə, Allah o quluna yaxınlaşar. Həm də elə yaxınlaşar ki, onun görən gözü, eşidən qulağı, yeriyən ayağı, tutan əli olar. Allah onu da buyurur ki, bəndəsi Ona tərəf bir addım atsa, O, bəndəsinə tərəf on addım atar, bəndə Allaha doğru yeriyərək getsə, Allah onu qarşılamağa qaçaraq gələr. Yəqin ki, bu qədər müjdə içində fitnə olmayan hər qəlbi doyurmaq üçün yetər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top