
Hər kəs uğrunda canını verməyə hazır olduğunun qurbanıdır. Qurban vermək qurban olmaqdır, həm də sevə-sevə qurban olmaq, bunda nicat taparaq qurban olmaq.
Füzuli deyir:
“Aşiq oldur kim, qılır canın fəda cananına.
Meyli-Canan etməsin, hər kim ki, qıymaz canına...”
Yəni, aşiqlik canı Canana, yəni Allaha qurban etməkdir. Canını qurban etməyə qıymayan, heç Allaha yaxınlaşmağı da ağlına gətirməsin. Füzuli də qurban olmağı bu cür anlayır və ifadə edir. İnsanın Baqiyə, Əbədiyə, yəni Allaha qurban olması, onun üçün ən böyük dəyər, ən böyük xoşbəxtlikdir. Başqa bir ifadə ilə isə əbədiyyət tapmasıdır. Leyliyə qurban olan Leyliyə, Mövlaya qurban olan Mövlaya qovuşur...
Allah (c.c.) Qurani-Kərimdə “Rəbbin üçün namaz qıl və qurban kəs!” ("Kövsər"/2) buyurmaqdadır. Uca Yaradanımız onu da bildirir ki, bizim kəsdiyimiz qurbanın nə əti Ona lazımdır, nə qanı. O, bizim niyyətimizə, O bizim səmiyyətimizə dəyər verir.
Allah üçün qurban vermək insanlığın fitrətində olan ibadətdir. İlk insandan üzü bəri bütün İlahi dinlərdə Allah üçün qurban vermək var. Həzrəti Adəmə (ə.s.) də, övladlarına da, sonradan göndərilən Haqq Peyğəmbərlərə də qurban vermək əmr olunub.
Allah üçün qurban vermək mənəvi baxımdan çox böyük həqiqəti ifadə edir. Yəni, sən qəbul və təsdiq edirsən ki, sənin də, əlindəki malın-mülkün də həqiqi sahibi Allahdır. Allah sənə verdiyindən Onun adına ayırmağı istəyirsə, deməli təslim olmalı və buyurulanı yerinə yetirməlisən. Çünki xeyir bundadır.
Adəm oğlu Haqdan uzaqlaşdıqca dəyərini itirir. Çünki Allah (c.c.) insanı üstün yaradıb, Günəşi, Ayı, ulduzları, ağacları, heyvanları insan üçün (insana xidmət etmək üçün) xəlq edib. İnsanın yaradılış qayəsi isə öz Rəbbini tanımaq, Ona itaət və ibadət etməkdir. Qurban kəsən insan isbat edir ki, hər şeyini Allah yolunda fəda etməyə hazırdır.
Əgər xatırlayırsınızsa, dinimizdəki qurban ibadətinin başlanğıcında Həzrəti İbrahimin (ə.s.) sevimli oğlu İsmayılı Allah üçün qurban etməsi var. Deməli, imanını isbat etmək üçün ən çox sevdiyini belə Allah yolunda qurban etməyə hazır olmalısan. Əgər sən imanını isbat etmək üçün hər fədakarlığa hazırsansa, Uca Yaradan da sənin bu davranışına sonsuz mərhəməti ilə qarşılıq verər. Elə ona görə də, Allah Həzrəti Cəbrayılla bir qoç göndərdi və İsmayılı azad etdi.
İnsanın Allahına qurban olması kəsilməklə olmaz, bir ömür boyu Allahın buyurduqlarını həyatına hakim qılmaqla, Ona təslim olmaqla, ömrünü Quran layihəsi ilə inşa etməklə olar.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz