Min nəfərlik tort


(Həyat dərsi)

Günlərin bir günü əmim bizə gəldi və bazar günü bizi öz evinə dəvət etdi. Bu dəvətinin məqsədi isə bizi min adamın bişirdiyi torta qonaq etmək idi. Bu sözləri eşidər-eşitməz həm sevincdən, həm də heyrətdən qışqırdıq. Çünki heç birimiz indiyə qədər min adamın bişirdiyi bir tort görməmişdik. Üstəlik, bu tort yəqin ki, ən azı bir ev boyda olmalı idi.
Bazar gününü səbirsizliklə gözləməyə başladıq. Və nəhayət, gec də olsa, o gün gəlib çatdı. Əmimgilə çatanda əməlli-başlı çaşıb qaldıq. Halbuki biz həyətdə ən azı bir ev boyda bir tort gözləyirdik. Ancaq əmimgildə heç nə dəyişməmişdi. Və üstəlik, hər şey əvvəl olduğu kimi idi.
Yeməyə oturduq. Əmim arvadı süfrəyə şorba, ət yeməyi və göy-göyərti qoydu. Yeməyi yeməyinə yedik, ancaq fikrimiz hələ də min adamın bişirdiyi tortun yanında idi. Həyəcandan az qala ürəyimiz yerindən çıxırdı. Nəhayət, qapı açıldı. Və əmim arvadı adi bir qabın içində bir tort gətirdi. Bu, elə əmim arvadının həmişə bişirdiyi adi meyvəli tort idi. Özü də əvvəlkilərdən heç o qədər də böyük deyildi. Qardaşım:
- Əmi! Bu sənin bizə söz verdiyin tort deyil axı?
Əmim:
- Yox, bu elə həmin o tortdur.
Qardaşım:
- Axı sən bizə min adamın bişirdiyi tortdan danışmışdın.
- Doğrudur, ancaq əvvəlcə gəl fikirləşək. Tort bişirmək üçün əvvəlcə bizə nə lazımdır. Əlbəttə ki, un. Unu düzəltmək üçün isə gör neçə adam işləyir. Əvvəlcə torpağı şumlayırlar, sonra toxumu əkirlər, sonra torpağı sulayırlar, sonra məhsulu yığırlar. Üstəlik, kotanı, dırmığı, toxumsəpən maşını, taxılyığan maşını... düzəltmək üçün də nə qədər adam işləməlidir. Hələ bunun dəmirçisi var, çilingəri var, tornaçısı var. Bir də tort təkcə undan olmur ki? Tort bişirmək üçün una ehtiyacımız olduğu kimi südə, yumurtaya, şəkərə də ehtiyacımız var. Bunları əldə etmək üçün işləyənləri bir fikirləş. Bu, hələ harasıdır. Meyvəli tortu bişirmək üçün bizə hələ banan, apelsin, kivi də lazımdır. Bunlar da başqa ölkələrdən gəlir. Və onları bizə avtomobillər, gəmilər, qatarlar gətirir. Bu avtomobilləri, gəmiləri, qatarları düzəltmək üçün də yüzlərlə adam işləməlidir. Bunlara bir də limanları, stansiyaları, şosse yollarını, dəmir yollarını, hətta anbarları əlavə et. Və bu malların qoyulduğu qutuları, kisələri fikirləş. Əlbəttə ki, onları da bir düzəldən var...
Gözlərimiz az qala halqasından çıxmışdı. Və hamımız diqqətlə əmimizə qulaq asırdı. Nəhayət bacım:
- Doğrudur, əmican! Bir tortu bişirmək üçün minlərlə əlin əməyi olmalıdır.
Daha sonra əmim əlavə etdi:
- Hətta bu da hamısı deyil. Xalanız bu tortu bişirmək üçün sobadan istifadə edir. Üstəlik, tortu yemək üçün süfrəyə boşqab, çəngəl, qaşıq qoyur. Bunları düzəldən əlləri də bir fikirləş...
Bəli, bir tortu bişirmək üçün əməyi olan əllər o qədər çox idi ki, yəqin ki, bunu saatlarla saysan, qurtarmaq olmazdı. Heyrətdən yerimizdə donub qalmışdıq. Tortu yeyəndə hələ də o zəhmətkeş əlləri fikirləşirdik.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top