
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin yaxın günlərdə rəsmi şəkildə yenidən fəaliyyətə başlaması gözlənilir.
Yeniavaz.com “İmedi TV”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili məlumat verib.
Nazir bildirib ki, layihənin texniki hissəsi artıq tamamlanıb və tərəflər kommersiya və texniki prosedurların yekunlaşdırılması istiqamətində danışıqları sürətlə başa çatdırıblar.
“Bu, tarixi layihənin texniki hissəsinin sonudur. Hər iki tərəf texniki və kommersiya məsələlərini bağlamağa və danışıqları qısa müddətdə yekunlaşdırmağa həvəsli idi. Baş nazirin səfəri çərçivəsində layihənin tam istismara verilməsi üçün protokol artıq imzalanıb. Bu isə o deməkdir ki, cəmi bir neçə gündən sonra layihənin rəsmi açılışı baş tutacaq”, – deyə Kvrivişvili qeyd edib.
Nazirin sözlərinə görə, BTQ xəttinin tam fəaliyyəti yalnız Azərbaycan və Gürcüstan üçün deyil, həmçinin Türkiyə üçün də strateji əhəmiyyət daşıyır. O vurğulayıb ki, yeni nəqliyyat marşrutu Avropa ilə Asiyanı birləşdirəcək və Azərbaycan–Türkiyə, Gürcüstan–Türkiyə, eləcə də Türkiyə–Çin istiqamətlərində yükdaşımaların genişlənməsinə imkan yaradacaq.
Kvrivişvilinin fikrincə, BTQ xəttinin açılması “Orta Dəhliz”in potensialını artıracaq və regionun tranzit əhəmiyyətini gücləndirəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə Bakı–Tbilisi–Qars dəmir yolunun bu ayın sonuna qədər fəaliyyətə başlayacağını açıqlamışdı. Onun sözlərinə görə, dəmir yolunun idarə olunması üçün Gürcüstan və Azərbaycanın iştirakı ilə birgə müəssisə yaradılacaq.
Qeyd edək ki, Bakı–Tbilisi–Qars dəmir yolu ilk dəfə 30 oktyabr 2017-ci ildə istifadəyə verilib. Layihə çərçivəsində Türkiyə və Gürcüstan ərazilərində yeni dəmir yolu hissələri inşa olunub, həmçinin mövcud infrastruktur yenidən qurulub. Ümumi uzunluğu 827 kilometr olan xətt regionun əsas beynəlxalq yükdaşımaları marşrutlarından biri hesab edilir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz