
Yeniyetmələrin nə düşündüyünü anlamaq üçün onlara sual vermək ən düzgün yoldur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sciencedaily” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırma çərçivəsində 11–18 yaş arası 110 yeniyetməyə “Əgər üç arzunuz olsaydı, onlar nə olardı?” sualı verilib. Sorğu sağlamlıq, məktəb həyatı, təhlükəsizlik və sosial mövzuları da əhatə edib.
Nəticələrə görə, yeniyetmələrin 85 faizi arzularını özləri ilə bağlı, 32 faizi başqaları üçün, 10 faizi isə həm özü, həm də ətrafı üçün yönəldib. Oğlanlar daha çox şəxsi arzulara üstünlük verərkən, qızlar ailə üzvlərinə dair istəklərə daha çox yer ayırıblar.
Ən çox rast gəlinən arzu mövzusu varlanmaq olub (41 faiz). Ardınca maddi əşyalar – məsələn avtomobil və ya oyun konsolu (31 faiz) gəlir. Yeniyetmələrin 20 faizi dünya ilə bağlı ümumi arzular (məsələn, sülh), 17 faizi isə ailə və şəxsi uğurlarla bağlı istəklərlərini bildirib.
Tədqiqatın müəllifi Eliana M. Perrin bildirib ki, bəzi cavablar sadə görünsə də, bəziləri emosional dərinliyi ilə seçilir: “Bəzən “anamın sağalmasını istəyirəm” kimi cavablar bu sualların nə qədər dəyərli olduğunu göstərir”.
Mütəxəssislər hesab edir ki, yeniyetmələrin arzularını öyrənmək onların psixoloji və sosial vəziyyətini anlamaqda mühüm rol oynaya bilər.
Tətbiqimizi yükləyə bilərsiniz