
Məlum olduğu kimi, mayın 26-dan etibarən Azərbaycanla Gürcüstan arasında qatar reyslərinin bərpası gözlənilir.
Yeniavaz.com xəbər verir ki, pandemiyadan sonra uzun müddət bağlı qalan quru sərhədlərin açılması iki ölkə arasında turizm axınının yenidən canlanmasına səbəb ola bilər.
Açıqlanan rəsmi statistik rəqəmlər onu göstərir ki, qatar əlaqəsinin bərpasından daha çox fayda əldə edəcək tərəf böyük ehtimalla Gürcüstan tərəfi olacaq.
Rəsmi məlumatlara görə, quru sərhədlərin açıq olduğu 2019-cu ildə Gürcüstandan Azərbaycana turizm məqsədilə 600 min 685 nəfər səfər edib. Həmin dövrdə ölkəyə gələnlərin 98,1 faizi və ya 589 min 372 nəfəri Azərbaycana quru yolla daxil olub. Cəmi 10 min 899 nəfər hava nəqliyyatından istifadə edib.
Quru sərhədlərin bağlı olduğu 2025-ci ildə isə Gürcüstandan Azərbaycana gələn turistlərin sayı 2019-cu illə müqayisədə 9,3 dəfə azalaraq 64 min 288 nəfərə düşüb.
Lakin, rəsmi statistika göstərir ki, əsas turizm axını əks istiqamətdə – Azərbaycandan Gürcüstana olub. Belə ki, 2019-cu ildə Azərbaycandan Gürcüstana turizm məqsədilə 1 milyon 354 min nəfər səfər edib. Səfər edənlərin 98 faizi və ya 1 milyon 326 min nəfəri ölkəni quru yolla tərk edib. Yalnız 28 min 447 nəfər Gürcüstana hava yolu ilə gedib.
Quru sərhədlərin bağlı olduğu 2025-ci ildə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da ciddi şəkildə azalaraq 129 min 204 nəfərə enib. Bu isə 2019-cu illə müqayisədə 10,5 dəfə azalma deməkdir.
Müqayisə göstərir ki, sərhədlər açıq olduğu dövrdə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı Gürcüstandan Azərbaycana gələnlərin sayından təxminən 2,3 dəfə çox olub. Bu baxımdan, qatar reyslərinin bərpası Gürcüstan turizm sektoru üçün daha böyük iqtisadi effekt vəd edir. Çünki Azərbaycan vətəndaşları uzun illərdir Gürcüstanı istirahət, alış-veriş və qısamüddətli turizm üçün əsas istiqamətlərdən biri kimi seçib. Quru sərhədlərin açıq olduğu 2019-cu ildə Gürcüstana səfər edən turistləri arasında ilk sırda Azərbaycan vətəndaşları qərarlaşıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz