
Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı narkotik istintaqı çərçivəsində növbəti əməliyyat həyata keçirilib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, istintaq çərçivəsində 25 nəfər haqqında həbs qərarı verilib və indiyə qədər onlardan 14-ü saxlanılıb.
Məlumata görə, araşdırılan rəqəmsal materiallar və əldə edilən digər məlumatlar əsasında ictimaiyyətə tanınmış şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr müəyyən edilib.
İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən səhər saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında 24, Muğlada isə 1 ünvanda 25 şübhəlini hədəf alan əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində Mabel Matiz (Fatih Karaca), Feyza Civelek, Volkan Bahçekapılı, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Tarık Tunca, Tunca Yağcı, Tuda Yağcı və E. Bakır, Aycan Yağoğlu saxlanılıb.
Saxlanılma qərarı verilən şəxslər arasında həmçinin Serenay Sarıkaya, Berkay Şahin, Tan Taşcı və Mirgün Sırrı Cabas da var.
Qeyd edək ki, Türkiyədə məşhurlarla bağlı narkotik istintaqı 2025-ci ilin oktyabrından davam edir. İstintaq çərçivəsində bir sıra tanınmış şəxslərdən analizlər götürülüb, bəzi şəxslər barəsində isə həbs qərarı çıxarılıb.
Tətbiqimizi yükləyə bilərsiniz