Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış oldu


Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bolqarıstan Prezidenti İliyana Yotova İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkını ziyarət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İZİA məlumat yayıb.
Bildirilib ki, iqtisadiyyat nazirinin müavini Azər Bayramov və agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qonaqlara sənaye zonalarında rezidentlər üçün yaradılmış müasir infrastruktur, həyata keçirilən layihələr və istehsal olunan məhsullar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, sənaye parklarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb, rezidentlər dövlət hesabına hazır infrastrukturla təmin olunur, həmçinin onlar vergi, gömrük və digər güzəştlərdən yararlanırlar. Bununla yanaşı, sənaye zonalarında istehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı üçün geniş imkanların yaradıldığı, məhsulların müxtəlif beynəlxalq bazarlara çıxarıldığı diqqətə çatdırılıb.
Nümayəndə heyəti, həmçinin sənaye parkının rezidenti olan “Caspian Lubricants” MMC-ni ziyarət edib. Qeyd edək ki, müəssisənin təsisçiləri sırasında Bolqarıstan investorları da yer alır.
Qonaqlara müəssisədə istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və məhsul çeşidləri barədə məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top