
Xəbər verdiyimiz kimi, 26 may tarixindən etibarən fəaliyyətə başlayacaq Bakı–Tbilisi qatarı üçün bir istiqamət üzrə bilet qiyməti 81 manat müəyyənləşdirilib.
Yeniavaz.com xəbər verir ki, Bakı və Tbilisi şəhərləri arasındakı 580 kilometrlik məsafəni nəzərə alsaq, bu marşrutda 1 kilometrə düşən qiymət təxminən 0,14 manat təşkil edir.
Qeyd edək ki, bu göstərici Avropanın bəzi paytaxt şəhərləri arasında fəaliyyət göstərən qatar marşrutları ilə müqayisədə yüksək, bəziləri ilə müqayisədə isə aşağıdır.
Məsələn, Avropada ən bahalı marşrutlardan biri Paris–London xəttidir. La-Manş tuneli üzərindən keçən bu marşrutda 343 kilometrlik məsafə üçün minimum 44 avro (88 manat) ödəniş etmək lazımdır və 1 kilometrin qiyməti təxminən 0,26 manat edir. Bundan başqa London–Brüssel (0,24 manat/km) və Amsterdam–Brüssel (0,24 manat/km) arasında fəaliyyət göstərən qatarlar üçün də bilet qiyməti də Bakı–Tbilisi qatarı ilə müqayisədə yüksəkdir.
Qərbi Avropdan fərqli olaraq Mərkəzi Avropada daha ucuz marşrutlar mövcuddur. Vyana–Budapeşt marşrutunda 243 kilometrlik məsafə cəmi 9,5 avroya (19 manat) başa gəlir və 1 kilometrin qiyməti təxminən 0,08 manatdır. Praqa–Vyana (0,08 manat/km) və Budapeşt–Praqa (0,07 manat/km) da ən ucuz istiqamətlər arasındadır.

Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz